Menyu

Meloninin Bakı səfəri: Genişlənən Azərbaycan–İtaliya əməkdaşlığı - TƏHLİL

Operativ Media
Meloninin Bakı səfəri: Genişlənən Azərbaycan–İtaliya əməkdaşlığı - TƏHLİL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursunda ikitərəfli münasibətlər prioritet istiqamət kimi çıxış edir. Bu çərçivədə Avropa İttifaqı ölkələri ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir və həmin ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalanıb".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Elman Nəsirov deyib. 

O bildirib ki, bu tərəfdaşlar arasında İtaliya xüsusi yer tutur. Azərbaycanla İtaliya arasında 2014 və 2020-ci illərdə imzalanmış sənədlər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Fundamental məsələlərdə mövqelərin üst-üstə düşməsi və yüksək səviyyəli siyasi dialoq bu əlaqələrin əsasını təşkil edir. İtaliya Prezidenti Sergio Mattarella bir neçə dəfə Azərbaycana səfər edib:

“13 illik fasilədən sonra İtaliyanın Baş naziri Ciorgia Meloninin Azərbaycana səfəri münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilir. Bu səfər Avropa Siyasi Birliyi çərçivəsində Ermənistanda keçirilən tədbirdən dərhal sonra baş tutub. Səfər zamanı Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilib və liderlər mətbuata birgə bəyanatla çıxış ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan–İtaliya münasibətləri xüsusilə energetika sahəsində sürətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb. Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın təxminən 9,5 milyard kubmetri məhz İtaliyanın payına düşür. Baş nazir Ciorgia Meloni qaz tədarükünün artırılması ilə bağlı müraciət edib və Prezident İlham Əliyev bu istiqamətdə işlərin davam etdiyini bildirib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilir.

Yaxın illərdə Azərbaycanda yeni qaz yataqlarının istismara verilməsi nəticəsində əlavə 3–4 milyard kubmetr, perspektivdə isə minimum 10 milyard kubmetr əlavə qaz istehsalı gözlənilir ki, bu da artan tələbatın ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Kosmik, aerokosmik sahələrdə, dəniz təhlükəsizliyində, strateji obyektlərin mühafizəsində də İtaliya təcrübəsindən istifadə imkanları genişdir. Eyni zamanda, İtaliya Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa və quruculuq işlərində fəal iştirak edir. Hazırda Azərbaycanda 130-a yaxın italyan şirkəti fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə 20-dən çox layihə həyata keçirir.

Bütün bu faktlar Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Son dövrlərdə müxtəlif Avropa ölkələri liderlərinin Azərbaycana səfərləri də ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir. Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycanın siyasi və iqtisadi çəkisi, strateji əhəmiyyəti getdikcə daha da yüksəlir”.

Deputat Aydın Hüseynov isə qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər hazırda yüksək səviyyədə inkişaf edir. İtaliya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Azərbaycanın ilk strateji tərəfdaşlarından hesab olunur. Son illərdə ölkə rəhbərləri arasında müntəzəm görüşlər bu əlaqələri daha da möhkəmləndirib:

“Prezident İlham Əliyevin İtaliyaya səfərləri və müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər, eləcə də İtaliyanın Baş naziri Ciorgia Meloninin Azərbaycana səfəri münasibətlərin yüksək səviyyəsini təsdiqləyir. Meloninin Bakıya səfəri həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır və tərəfdaşlığa verilən önəmi göstərir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır və təbii qaz ixracı bu əlaqələrin əsas dayaqlarındandır. Eyni zamanda Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biri kimi çıxış edir.

İqtisadi əməkdaşlıq da genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və digər regionlarda müxtəlif layihələrdə fəal iştirak edirlər. Humanitar və təhsil sahəsində də əlaqələr inkişaf edir, Azərbaycanda fəaliyyət göstərən İtaliya universiteti bu əməkdaşlığın bariz nümunəsidir.

İtaliya həm də Avropa İttifaqı çərçivəsində Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Hökumətlərarası komissiyanın iclasları və yüksək səviyyəli dialoqlar münasibətlərin sistemli şəkildə genişlənməsinə xidmət edir.

Ümumilikdə, son səfərlər və qarşılıqlı siyasi iradə Azərbaycan–İtaliya münasibətlərini daha da gücləndirərək yeni əməkdaşlıq imkanları yaradır”.

Əlaqəli Xəbərlər