ABŞ Prezidenti ölkə əhalisini fiziki aktivliyə çağırdı
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin may ayını ölkədə "Milli Fiziki Hazırlıq və İdman Ayı" elan edib və bütün dövlət qulluqçularını, eləcə də ölkə sakinlərini fiziki formalarını bərpa etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə müvafiq məlumat Ağ Evin saytında yerləşdirilib.
Bəyanatın mətnində deyilir: "Mən 2026-cı ilin may ayını "Milli Fiziki Hazırlıq və İdman Ayı" elan edirəm. Dövlət qulluqçularını, müəllimləri, idmançıları və bütün ABŞ sakinlərini, xüsusilə də gənclərimizi idman tədbirlərində iştirak etməyə və fiziki aktivliyə səsləyirəm".
ABŞ Prezidenti qeyd edib ki, mümkün qədər çox amerikalının idmana cəlb olunacağına ümid edir, çünki bu, "millətin gücünün artmasına" töhfə verməlidir.
Xatırladaq ki, fevral ayında ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzləri ölkə vətəndaşlarının 40,3%-nin bu və ya digər dərəcədə piylənmədən əziyyət çəkdiyini açıqlayıb. 1990-cı illərin əvvəllərində bu göstərici böyüklər arasında cəmi 22,9% təşkil edirdi. Uşaqlar və yeniyetmələr arasında isə piylənmədən əziyyət çəkənlərin payı rekord həddə — 21,1%-ə çatıb.