Mikrodalğalı sobada qızdırılan yeməyin tərkibi necə dəyişir?
"Mikrodalğalı sobalarda qidaların qızdırılması zamanı düzgün istifadə qaydalarına əməl edilmədikdə müəyyən risklər yarana bilər. Bununla belə, mikrodalğalı sobanın qidanı “radiasiyaya çevirməsi” və ya zəhərli hala gətirməsi ilə bağlı fikirlər daha çox mif xarakteri daşıyır. Elmi baxımdan mikrodalğalı soba qidanın daxilindəki su molekullarını hərəkətə gətirərək istilik əmələ gətirir və bu proses qidanı radioaktiv etmir".
Bu sözləri Operativ Media-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, əsas diqqət olunmalı məqamlardan biri qidaların uzun müddət yüksək temperaturda saxlanılmasıdır. Xüsusilə C vitamini və B qrupu vitaminləri istiliyə həssas olduğuna görə qida uzun müddət mikrodalğalı sobada qızdırıldıqda onların miqdarı azala bilər. Eyni zamanda yağ tərkibli məhsullar, xüsusilə ət və fast-food tipli qidalar həddindən artıq qızdırıldıqda yağların oksidləşməsi baş verə bilər ki, bu da sağlamlıq üçün arzuolunmaz hesab olunur:
“Qab seçimi də mühüm əhəmiyyət daşıyır. Mikrodalğalı sobada şüşə və keramika qabların istifadəsi daha təhlükəsiz sayılır. Plastik qabların istifadəsi isə risk yarada bilər. Xüsusilə keyfiyyətsiz plastik materiallar qızdırılma zamanı Bisfenol A (BPA) kimi maddələrin qidaya keçməsinə səbəb ola bilər. Bu maddələrin hormonal sistemə mənfi təsir göstərdiyi və bəzi hallarda kanserogen risk yaratdığı qeyd olunur.
Qidaların təkrar-təkrar qızdırılması da tövsiyə edilmir. Bişmiş yeməklərin dəfələrlə qızdırılması onların tərkibində dəyişikliklər yarada və qida təhlükəsizliyi baxımından risk formalaşdıra bilər. Xüsusilə ət məhsulları qeyri-bərabər qızdırıldıqda bəzi hissələrin soyuq qalması bakteriyaların inkişafı üçün əlverişli şərait yarada bilər. Buna görə böyük porsiyalar hissələrə bölünməli, qarışdırılmalı və qidanın tam şəkildə isinməsinə diqqət edilməlidir.
Uşaq qidalarının mikrodalğalı sobada qızdırılması zamanı da ehtiyatlı olmaq lazımdır. Çünki qeyri-bərabər istilik paylanması nəticəsində qidanın bəzi hissələri həddindən artıq isti ola bilər və bu da yanıq riskini artırır.
Bundan əlavə, uzun müddət otaq temperaturunda saxlanılmış qidaların sonradan qızdırılması bakterial riskləri tam aradan qaldırmaya bilər. Mikrodalğalı sobanın mütəmadi təmizlənməsi də vacibdir. Qida qalıqları və yağ hissəcikləri növbəti istifadələr zamanı çarpaz çirklənməyə səbəb ola bilər ki, bu da qidanın keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir.
Ümumilikdə, mikrodalğalı sobadan istifadə zamanı əsas prinsiplər qidanın təzə olmasına diqqət etmək, düzgün qab seçmək, qidaları dəfələrlə qızdırmamaq və gigiyenik qaydalara əməl etməkdir. Bu halda mikrodalğalı sobadan təhlükəsiz şəkildə istifadə mümkündür”.
