CENTCOM: İranın raket və dron hücumlarının qarşısı alınıb
ABŞ Silahlı Qüvvələri İran tərəfindən edilən hücumların qarşısının alındığını və Hörmüz boğazı bölgəsində İranın hərbi infrastrukturuna cavab zərbələrinin endirildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.
Məlumata görə, insident mayın 7-də Amerikanın "USS Truxtun" (DDG 103), "USS Rafael Peralta" (DDG 115) və "USS Mason" (DDG 87) esmineslərinin Hörmüz boğazından Oman körfəzi istiqamətində keçidi zamanı baş verib. Amerika tərəfinin iddialarına görə, İran qüvvələri raketlər, pilotsuz uçuş aparatları və kiçik katerlərdən istifadə edərək gəmilərə hücum edib.
Cavab olaraq ABŞ qüvvələri daxil olan təhdidləri məhv edib və CENTCOM-un məlumatına görə, Amerika qüvvələrinə hücum etmək üçün istifadə olunan obyektlərə zərbələr endirib. Söhbət raket və dronların buraxılış qurğularından, komanda məntəqələrindən, həmçinin kəşfiyyat və müşahidə obyektlərindən gedir.
CENTCOM-dan bildirilib ki, ABŞ gələcək eskalasiyaya can atmır, lakin regiondakı Amerika hərbi qulluqçularını və hərbi obyektlərini qorumaq üçün lazımi tədbirləri görməyə hazırdır.