Menyu

Kuba prezidenti: ABŞ-nin yeni sanksiyaları ölkənin çətin vəziyyətini daha da pisləşdirir

Operativ Media
Kuba prezidenti: ABŞ-nin yeni sanksiyaları ölkənin çətin vəziyyətini daha da pisləşdirir

ABŞ administrasiyasının mayın 7-də Kubaya qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyalar ölkədəki onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Karib respublikasının prezidenti Migel Dias-Kanel "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün (7 may - red.) elan edilən əlavə iqtisadi sanksiyalar ölkəmizin üzləşdiyi onsuz da mürəkkəb vəziyyəti daha da kəskinləşdirir, eyni zamanda vətənimizi, inqilabı və sosializmi müdafiə etmək əzmimizi gücləndirir", - deyə o, qeyd edib.

Kuba prezidenti həmçinin vurğulayıb: "Xalqımız ABŞ hökumətinin hərəkətlərinin arxasında dayanan qəddarlığı və bizə hücum etmək iqtidarında olduqları kin-küdurəti artıq yaxşı bilir. Biz bütün dünya ilə birlikdə anlayırıq ki, söhbət sadəcə sülh şəraitində yaşamaq, Amerika imperializminin zərərli müdaxiləsinə məruz qalmadan öz taleyini idarə etmək istəyən bir millətə və əhaliyə qarşı yönəlmiş birtərəfli təcavüzdən gedir".

Qeyd edək ki, mayın 7-də Birləşmiş Ştatlar Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət etdiyi bildirilən GAESA konqlomeratına, onun rəhbərinə və ada dövlətindəki nikel hasilatı üzrə birgə müəssisəyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət katibi — prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio məlumat verib.

Onun sözlərinə görə, bu məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış və Kubaya qarşı birtərəfli sanksiya rejiminin kəskin şəkildə sərtləşdirilməsini nəzərdə tutan fərman əsasında tətbiq edilir. Sözügedən fərmanda ABŞ-ın Kubaya qarşı məhdudlaşdırıcı tədbirlərinə ekstraterritorial xarakter verilməsinə cəhd edilir və bu sanksiyaların üçüncü ölkələrə də şamil oluna biləcəyi birbaşa qeyd olunur.

Əlaqəli Xəbərlər