Menyu

Wi-Fi sürətini necə artırmaq olar? - İZAH

Ayşən Sadıxzadə
Wi-Fi sürətini necə artırmaq olar? - İZAH

Müasir dövrdə fiber-optik infrastrukturun genişlənməsi və yüksək sürətli internet paketlərinin təklif olunmasına baxmayaraq, bir çox istifadəçi hələ də evdə internetin ləng işləməsindən şikayətçidir. Problem çox vaxt provayderin ötürdüyü siqnalda deyil, evimizdəki "görünməz" texniki detallarda gizlənir.

Bu sözləri Operativ Media-ya açıqlamasında İT mütəxəssisi Fərrux Rəcəbli deyib. 

O bildirib ki, bu səbəbdən artıq müasir standartları dəstəkləyən “dual band” yəni həm 2.4 GHz, həm də 5 GHz tezliyində çalışan modem və routerlərdən istifadə etmək vacib hesab olunur. Burada əsas məsələ marka deyil, cihazın texniki imkanlarıdır. Daha keyfiyyətli markalar tövsiyə olunsa da, ən vacib məqam routerin həm 2.4 GHz, həm də 5 GHz tezliklərini dəstəkləməsidir:

Bəs bu tezliklər arasındakı əsas fərq nədir?

“2.4 GHz tezliyi daha uzaq məsafəyə siqnal ötürə bilir. Amma bu tezlik ətraf mühitdəki maneələrdən — divarlardan, metal əşyalardan, digər radio dalğalarından daha çox təsirlənir. Buna görə də siqnalın zəifləməsi, sürətin düşməsi və bağlantının qeyri-stabil olması halları daha çox müşahidə edilir. Köhnə modemlərin böyük əksəriyyəti məhz bu tezlik üzərində işləyirdi.

5 GHz tezliyi isə daha müasir standart hesab olunur. Bu tezlikdə internet həm daha sürətli, həm də daha stabil işləyir. Ətrafdakı maneələrin təsiri burada nisbətən az olur və xüsusilə video izləmə, onlayn oyun və yüksək sürətli istifadə zamanı fərq açıq şəkildə hiss edilir. Müasir modem və routerlərin əksəriyyəti artıq bu tezliyi dəstəkləyir.

Ancaq bir çox istifadəçi düşünür ki, yeni provayderə qoşulduqda gətirilən modem avtomatik olaraq bütün bu standartlara uyğun şəkildə tənzimlənir. Reallıqda isə vəziyyət hər zaman belə olmur. Çünki Azərbaycanda fəaliyyət göstərən bəzi internet provayderlərdə çalışan texniki əməkdaşların bir hissəsi yalnız internet bağlantısını qurmaqla kifayətlənirlər. Yəni əsas məqsəd “internet işləyir” vəziyyətini yaratmaq olur. Halbuki modem və routerlərdə internetin keyfiyyətinə ciddi təsir edən əlavə ayarlar da mövcuddur.

Bunlardan biri Wi-Fi kanallarının düzgün seçilməsidir.

Wi-Fi şəbəkələri müəyyən kanallar üzərindən işləyir və Azərbaycanda istifadə olunan standartlarda ümumilikdə 13 kanal mövcuddur. Əgər yaxınlıqdakı bir neçə router eyni və ya bir-birinə yaxın kanallarda işləyirsə, görünməsə də siqnallar arasında toqquşma yaranır. Bu isə internet sürətinin azalmasına, gecikmələrin artmasına və bağlantının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Məsələn, ətrafdakı routerlərdən biri 1-ci kanalda, digəri 6-cı kanalda, başqa biri isə 7-ci kanalda işləyirsə və sizin router də həmin kanallardan birini istifadə edirsə, siqnallar bir-birinə mane olmağa başlayır. Peşəkar şəbəkə ayarlamalarında ətrafdakı Wi-Fi şəbəkələri analiz olunur və ən boş kanal seçilir. Təəssüf ki, bir çox hallarda bu analiz ümumiyyətlə aparılmır.

Digər vacib məsələ isə Wi-Fi standartlarıdır. Routerlərin üzərində gördüyümüz A, B, G, N, AC və AX kimi işarələr sadəcə hərf deyil. Bunlar internetin hansı sürətdə və hansı məsafədə ötürüləcəyini müəyyən edən texnologiyalardır. Məsələn:

- “N” standartı əvvəlki nəsillə müqayisədə daha sürətlidir;

- “AC” yüksək sürətli və daha stabil bağlantı təqdim edir;

- “AX” isə ən yeni Wi-Fi 6 texnologiyasıdır və çoxlu cihaz qoşulduqda belə internet keyfiyyətini qoruyur.

Şəbəkə mütəxəssisləri bu standartların xüsusiyyətlərini bilməli və uyğun ayarlamaları etməlidirlər. Amma praktikada bir çox hallarda modemlər standart ad və standart şifrə ilə qurulur, əlavə optimizasiya isə ümumiyyətlə aparılmır.

Nəticədə istifadəçi internetin zəif işlədiyini düşündükdə provayderdən adətən eyni cavabı alır:

“Biz yoxladıq, internet sizə tam sürətlə gəlir".

Texniki baxımdan bu cavab bəzən doğru olsa da, istifadəçinin ev daxilində aldığı real Wi-Fi keyfiyyəti tam fərqli ola bilər.

Wi-Fi sürətinə təsir edən digər vacib amillərdən biri də ətrafdakı elektron və radioötürücü cihazlardır.

Xüsusilə:

- mikrodalğalı soba,

- simsiz telefonlar,

- televizor,

- radio qurğuları,

- mobil telefonlar,

- metal səthlər Wi-Fi siqnalına mənfi təsir göstərə bilir.

Məsələn, modemi mətbəxdə və mikrodalğalı sobanın yaxınlığında yerləşdirmək internet keyfiyyətinin zəifləməsinə səbəb ola bilər. Buna görə router evdə açıq və mərkəzi bir nöqtədə yerləşdirilməlidir. Ətrafında böyük metal əşyaların və güclü radioötürücü cihazların olmaması tövsiyə edilir.

Yəni internetin keyfiyyətli işləməsi təkcə provayderdən deyil, istifadə olunan modemdən, düzgün texniki ayarlardan və cihazın evdə harada yerləşdirilməsindən də birbaşa asılıdır”.

Əlaqəli Xəbərlər