Tramp: Ukrayna və Rusiyada üç günlük atəşkəs elan edilib
ABŞ Prezidenti Donald Tramp Ukraynada 9-11 may tarixlərində atəşkəs əldə olunacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə "Truth Social” platformasında paylaşım edib.
Bildirilib ki, üç günlük atəşkəs 9, 10 və 11 may tarixlərini əhatə edəcək.
Onun sözlərinə görə, bu təşəbbüsü şəxsən özü irəli sürüb və həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodemir Zelenski təkliflə razılaşıb.
“Rusiyada Qələbə Günü qeyd olunur, lakin eyni şəkildə Ukraynada da qeyd edilir. Çünki Ukrayna da İkinci Dünya müharibəsinin mühüm hissəsi və amillərindən biri olub. Atəşkəs bütün aktiv hərbi fəaliyyətin dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 məhbusun dəyişdirilməsini nəzərdə tutur”, – deyə Tramp qeyd edib.
ABŞ lideri vurğulayıb ki, bu müraciəti birbaşa özü edib və həm Vladimir Putinin, həm də Volodimir Zelenskinin razılığına görə minnətdardır.
“Ümid edirik ki, bu, çox uzun, qanlı və ağır müharibənin sonunun başlanğıcı olacaq. İkinci Dünya müharibəsindən bəri ən böyük münaqişənin dayandırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün sülhə daha da yaxınlaşırıq”, – deyə Tramp əlavə edib.