Litva XİN Rusiya səfirinə etiraz notası təqdim edib
Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib.
Operativ Media xəbər verir ki, Vilnüs Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki diplomatik korpus nümayəndələrinin təxliyəsi ilə bağlı xarici dövlətlərə verdiyi xəbərdarlığı qəti şəkildə pisləyib.
Litva XİN-in bəyanatında bildirilib ki, Rusiyanın bu açıqlamaları Kiyevdə fəaliyyət göstərən xarici səfirliklərə qarşı birbaşa, kinayəli və görünməmiş güc tətbiqi təhdidi kimi qiymətləndirilməlidir.
“Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, eləcə də açıq bəyanatları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmiş güc tətbiqi və ya təhdidinin qadağan olunmasını və digər beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozur”, – deyə məlumatda vurğulanıb.
Bəyanatda Litvanın bu təhdidləri qəti şəkildə rədd etdiyi qeyd olunub, həmçinin Rusiyadan Ukraynaya qarşı təcavüzə, müharibə və insanlığa qarşı cinayətlərə dərhal son qoyması, işğalçı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisindən çıxarması tələb edilib.