İran ABŞ sanksiyalarına qoşulan ölkələri Hörmüz boğazı ilə hədələdi
İran hakimiyyəti ABŞ-ın İslam Respublikasına qarşı sanksiya siyasətinə qoşulan ölkələrin gəmilərini Hörmüz boğazından buraxmayacaq.
Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya IRNA agentliyinə verdiyi müsahibədə bildirib.
"Bundan sonra ABŞ-nin nümunəsini izləyərək İran İslam Respublikasına qarşı sanksiya tətbiq edən ölkələr Hörmüz boğazından keçərkən mütləq çətinliklərlə üzləşəcəklər", – deyə o qeyd edib.
Əkrəminiya həmçinin vurğulayıb ki, ABŞ və İsrail ilə hərbi münaqişə İranı "Hörmüz boğazının geosiyasi potensialından istifadə etməyə" məcbur edib və hazırda İslam Respublikası orada öz suverenliyini həyata keçirir. O əlavə edib ki, artıq boğazdan keçmək istəyən hər bir gəmi öz hərəkətlərini İranla razılaşdırmalıdır. Ordu rəsmisinin sözlərinə görə, bu addımlar İrana böyük fayda verə bilər.
Fars körfəzi zonasında gərginliyin yeni dalğası mayın 7-si axşam saatlarında ABŞ və İran arasında baş verən qarşılıqlı zərbələr nəticəsində yaranıb. İran dövlət teleradiounun məlumatına görə, buna ABŞ hərbçilərinin İran tankerine hücum etməsi səbəb olub, cavab olaraq respublika Hörmüz boğazı yaxınlığında ABŞ-nin üç esminesinə hücum edib. Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hərbi obyektlərə cavab zərbələri endirildiyini bəyan edib.