Netanyahu: İrana qarşı əməliyyat hələ bitməyib
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı müharibənin başa çatdığını düşünmür.
Operativ Media xəbər verir ki, bu barədə o, "CBS News" telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, bu əməliyyat bir çox məqsədlərə nail olmağa imkan verdi, lakin hələ başa çatmayıb. Çünki İrandan çıxarılmalı nüvə materialları və zənginləşdirilmiş uran qalır. Hələ sıradan çıxarılmalı zənginləşdirmə obyektləri mövcuddur. İranın dəstəklədiyi proksi qüvvələr var. Onların istehsal etməyi planlaşdırdıqları ballistik raketlər də qalır. Biz onların imkanlarını əhəmiyyətli dərəcədə zəiflətmişik, lakin bütün bunlar hələ də mövcuddur və görüləsi işlər qalır", - deyə Netanyahu bildirib.
İsrailin baş naziri zənginləşdirilmiş uranın İrandan necə çıxarılmalı olduğu ilə bağlı suala cavabında "ora daxil olub onu götürmək lazımdır" ifadəsini işlədib.
ABŞ və İsrailin bunun üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı suala isə Netanyahu hərbi imkanları müzakirə etmək istəmədiyini bildirib. Onun sözlərinə görə, uranın çıxarılması razılaşma yolu ilə də mümkün ola bilər.