Sağlamlıq üçün ən vacib 5 qida əlavəsi - SİYAHI
Müasir həyat tərzində stress, qeyri-kafi qidalanma və yuxusuzluq kimi amillər vitamin və mineral çatışmazlığına səbəb olur.
Dietoloq Ceyhunə Yusifova Operativ Media-ya açıqlamasında bildirib ki, qida əlavələri dərman deyil və hər kəsə fərdi yanaşılmalıdır.
O, ən vacib 5 qida əlavəsini və onların faydalarını belə sıralayıb:
D vitamini: Sümük sağlamlığı ilə yanaşı, immun sistemini və hormon balansını tənzimləyir. Xüsusilə günəşə az çıxanlar və ofis şəraitində çalışanlar üçün vacibdir.
Omega-3: Ürək-damar və beyin funksiyalarını dəstəkləyir. Balıq az yeyən və konsentrasiya problemi yaşayanlar üçün faydalıdır.
Maqnezium: Stress mineralı kimi tanınır. Əzələ spazmlarını azaldır, yuxu keyfiyyətini artırır və sinir sistemini sakitləşdirir.
C vitamini: Güclü antioksidantdır. Kollagen sintezini artırır, dərini və damarları qoruyur, dəmirin sorulmasını asanlaşdırır.
B12 vitamini: Enerji mübadiləsi və sinir sistemi üçün vacibdir. Çatışmazlıq zamanı yorğunluq, unutqanlıq və ətraflarda keyimə hissi yarana bilər.
Mütəxəssis vurğulayıb ki, qida əlavələri kor-koranə deyil, yalnız analizlər və həkim məsləhəti əsasında qəbul edilməlidir. Səhv istifadə orqanizm üçün əlavə yük yarada bilər.
