Tramp: ABŞ Çinlə qarşılıqlı ticarət aparmaq niyyətindədir
ABŞ prezidenti Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqların əvvəlində bəyan edib ki, Amerika tərəfi Çinlə ticarəti qarşılıqlı faydalılıq prinsipi əsasında aparmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, o, nümayəndə heyətinin tərkibində ABŞ-nin ən böyük şirkətlərinin rəhbərlərini Çinə gətirdiyini diqqətə çatdırıb.
"Yanımda möhtəşəm insanlar var, hamısı buradadır. İstisnasız olaraq hamısı. Biz dünyanın 30 ən yaxşı şirkətinə müraciət etdik. Onların hər biri "bəli" dedi. Mən şirkətlərin ikinci və ya üçüncü dərəcəli nümayəndələrini deyil, yalnız ən yaxşılarını istəyirdim. Onlar bu gün Sizə və Çinə olan hörmətlərini ifadə etmək üçün buradadırlar. Onlar ticarət əlaqələri qurmağı və bizneslə məşğul olmağı səbirsizliklə gözləyirlər, bizim tərəfimizdən isə bu, tamamilə qarşılıqlı olacaq", – deyə Amerika lideri bildirib.
ABŞ prezidenti həmçinin əlavə edib: "Məhz bu səbəbdən mən müzakirələrimizi böyük maraqla gözləyirəm. Bu, mühüm bir müzakirədir. Bəziləri bunun tarixin bəlkə də ən böyük sammiti olduğunu deyirlər".