Arıqlama iynələri ciddi fəsadlara səbəb ola bilərmi? – AÇIQLAMA
Artıq çəki bir çox insan üçün sadəcə görüntü məsələsi deyil. Bu, bəzən illərlə yığılan psixoloji yük, stres, yuxu pozğunluğu, hormonal problemlər və sosial təzyiqlərin nəticəsi olur. İnsanlar tez nəticə almaq istədikdə isə ən həssas nöqtələrindən istifadə edən saxta məhsul satıcılarının hədəfinə çevrilirlər. Sosial şəbəkələrdə reklam olunan mənşəyi bilinməyən “arıqlama iynələri”, “arıqlama həbləri”, kokteyllər və müxtəlif preparatlar ciddi təhlükə yarada bilər. Tərkibi bilinməyən məhsullar qaraciyər, ürək-damar sistemi və hormonal balans üçün risklidir.
Bu sözləri Operativ Media-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.
O bildirib ki, lakin burada mühüm bir məqam var. Bütün arıqlama iynələri və ya dərmanları barədə “hamısı zəhərdir”, “hamısı sonsuzluq yaradır” kimi ümumi və qəti iddialar tibbi baxımdan doğru hesab olunmur. Bu preparatların bəziləri müəyyən hallarda, xüsusilə piylənmə və şəkərli diabet kimi problemlərdə həkim nəzarəti altında istifadə olunur. Ancaq nəzarətsiz istifadə, özbaşına qəbul və ya sosial şəbəkə üzərindən alınan saxta preparatlar çox ciddi fəsadlara səbəb ola bilər:
“Ən böyük problemlərdən biri insanların sürətli nəticə naminə müayinəsiz şəkildə bu vasitələrə yönəlməsidir. Halbuki artıq çəkinin səbəbi fərqli ola bilər:
- hormonal pozuntular,
- stres və depressiya,
- yuxu problemi,
- düzgün olmayan qidalanma,
- oturaq həyat tərzi,
- bəzi xəstəliklər və dərmanlar.
Bu səbəbdən ilk addım sürətli arıqlamaq deyil, səbəbi müəyyənləşdirmək olmalıdır. Endokrinoloq, dietoloq və lazım olduqda psixoloq dəstəyi ilə qurulan düzgün proqram həm sağlam, həm də davamlı nəticə verir.
Xüsusilə sosial şəbəkələrdə satılan, tərkibi və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq vacibdir. İnsan sağlamlığı reklam və qazanc vasitəsinə çevrilməməlidir. Sağlam arıqlama qısa yol deyil; düzgün qidalanma, hərəkət, yuxu rejimi və tibbi nəzarətin birlikdə olduğu uzunmüddətli prosesdir”.