Qazaxıstan türkdilli dövlətlərin vətəndaşlarının təhsili üçün xüsusi qrantlar ayırmağa hazır olduğunu bildirib
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellekt və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində türkdilli dövlətlərin vətəndaşlarının təhsili üçün xüsusi qrantlar ayırmağa hazır olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Tokayev Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı bildirib.
“Bizə təhsil və elm üçün mütəxəssislər hazırlayacaq təhsil mərkəzləri və tədqiqat müəssisələri lazımdır. Qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim və qabaqcıl texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Buna görə də türk ölkələrində süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edirəm. Həmçinin Qazaxıstanda yeni texnoloji təhsil müəssisəsi - Süni İntellekt Universiteti açmağı planlaşdırırıq. Bu universitet türk dövlətləri vətəndaşlarının təhsili üçün xüsusi qrantlar ayırmağa hazırdır”, - deyə Kasım-Jomart Tokayev bildirib.