Menyu

Britaniya KİV: Starmer postunu tərk edə bilər

Operativ Media
Britaniya KİV: Starmer postunu tərk edə bilər

Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa vermək niyyəti barədə yaxınlarına məlumat verib.

Operativ Media xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti öz mənbələrinə istinadən yazır.

Qəzet mənbənin bu fikirlərini sitat gətirib: "O anlayır ki, hazırkı xaos davamlı ola bilməz. O, sadəcə olaraq, bunu ləyaqətlə və özünün düzgün hesab etdiyi şəkildə etmək istəyir və bunun üçün müvafiq qrafik tərtib edəcək".

Səlahiyyətlərin verilməsi barədə mümkün bəyanatın tarixi hələlik məlum deyil. Çünki Starmerin yüksəkvəzifəli tərəfdaşları onu Böyük Mançester qraflığının Meykerfild dairəsində Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) keçiriləcək təkrar seçkilərin ilkin rəy sorğularının və səsvermənin nəticələrini gözləməyə razı salırlar. Tanınmış leyborist siyasətçi Endi Bernem bu dairədə deputat mandatı qazanmağa çalışacaq. Qələbə qazanacağı təqdirdə o, İcmalar Palatasının deputatı olacaq ki, bu da ona Starmerə meydan oxumaq və partiya liderliyinə iddia etmək imkanı verəcək. İctimai rəy sorğuları Bernemi Starmeri devirə biləcək ən güclü namizədlərdən biri kimi göstərir.

Digər bir mənbənin sözlərinə görə, Starmer risk etmək istəmir, çünki təkrar seçkilərdə mümkün məğlubiyyət onun üçün həddindən artıq böyük rüsvayçılıq demək olardı.

Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra alovlanıb. Bu seçkilərin nəticələrinə görə, Leyboristlər Partiyası tarixdə ilk dəfə Uels parlamenti üzərindəki nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlər əvvəlkinə nisbətən 1400 nəfər daha az nümayəndə ilə təmsil olunublar. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürsə də, leyboristlərin lideri və baş nazir postlarından getməkdən imtina edib.

"Sky News"un məlumatına görə, artıq hakim partiyadan olan 90-dan çox deputat Starmerin gedişinin tərəfdarı olduğunu bildirib. Cümə axşamı günü isə Səhiyyə naziri Ues Stritinq istefa verib. O, bu addımı Starmerə olan etimadını itirdiyi üçün atdığını bəyan edib. Media Stritinqin də Starmeri devirməyə çalışa biləcək şəxslər arasında olduğunu yazır. Leyboristlər Partiyasının liderinin dəyişdirilməsi proseduruna başlamaq üçün İcmalar Palatasının fraksiya üzvlərinin 20%-nin (hazırda 81 parlamentari) dəstəyini qazanmış leyborist deputatlardan birinin partiyanın baş katibinə yazılı şəkildə müvafiq ərizə təqdim etməsi lazımdır. Bundan sonra partiya üzvləri bəyəndikləri namizədə səs verirlər. Hakim partiyanın yeni lideri seçiləcəyi təqdirdə, o, ölkədə ümumi seçkilərin keçirilməsinə ehtiyac qalmadan avtomatik olaraq hökumətin başçısı olacaq.

Əlaqəli Xəbərlər