Yaponiya Sakit okeanda müşahidəni gücləndirmək üçün yeni PUA sistemləri yerləşdirəcək
Yaponiya hökuməti Sakit okean regionunda monitorinqi gücləndirmək məqsədilə Özünümüdafiə Qüvvələrinin silahlanmasına erkən aşkaretmə və xəbərdarlıq radarları ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının (PUA) qəbul edilməsi imkanlarını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, radarların Yaponiyanın 2027-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasına daxil etməyi planlaşdırdığı ABŞ istehsalı "MQ-9B Sea Guardian" pilotsuz uçuş aparatlarında quraşdırılması nəzərdə tutulur. Havada uzun müddət qala bilən bu PUA-ların fəaliyyət radiusu təxminən 4900 kilometr təşkil edir. Onların İvocima və Minamitori adalarında yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, Oqasavara arxipelaqının İvocima və Titidcima adalarında mobil radiolokasiya komplekslərinin də qurulması nəzərdə tutulub.
Nəşr vurğulayır ki, Sakit okeanda müşahidənin gücləndirilməsi zərurəti Çin Xalq Respublikasının regiondakı fəallığının artması ilə bağlıdır. Bu addım Yaponiyanın cari ilin sonunadək tamamlanmasını planlaşdırdığı milli təhlükəsizlik sahəsinə dair yenilənmiş sənədlərdə də öz əksini tapacaq.