Hikmət Hacıyev: “Azərbaycana qarşı qarayaxma kampaniyalarının miqyası azalıb”
Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarının miqyası son dövrlərdə azalıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri ölkə daxilində və xaricində fəaliyyət göstərən bəzi qruplaşmaların maliyyə resurslarının azalmasıdır.
“Onlara artıq qrant verənlərin sayı azalıb. Hansı mənbələrdən maliyyələşdiklərini və qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini çox yaxşı bilirik,” – deyə o qeyd edib.
Hikmət Hacıyev bildirib ki, müəyyən kampaniyalar davam etsə də, əvvəlki dövrlərlə müqayisədə onların təsir dairəsi zəifləyib. O, xüsusilə USAID layihələri çərçivəsində fəaliyyət göstərən bəzi təşkilatların müxtəlif istiqamətlərdə aktiv olduqlarını vurğulayıb.
Prezidentin köməkçisi çıxışı zamanı Avropa Parlamentində son illərdə Azərbaycanla bağlı qəbul edilən sənədlərə də toxunub. O bildirib ki, son beş ildə Azərbaycanla bağlı 10-dan artıq sənəd qəbul edilib və bu sənədlərin müəllifləri bir çox hallarda regiondakı vəziyyəti tam anlamırlar.
“Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının öz siyasəti var. Bu gün ölkəmizin beynəlxalq nüfuzu və mövqeyi göz önündədir,” – deyə o əlavə edib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan hazırda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən diplomatik mərkəzlərdən birinə çevrilib və ölkənin beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənməkdə davam edir.