Hikmət Hacıyev: “Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası istiqamətində işlər aparılır”
Azərbaycan və Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası məsələsi iki ölkə rəhbərləri səviyyəsində müzakirə olunub.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında aparılan müzakirələrdən sonra hər iki ölkənin aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
“Hər iki ölkə liderinin verdiyi tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün də hər iki ölkənin hökuməti tərəfindən birgə kommünike qəbul olunaraq ictimaiyyətə təqdim edilib,” – deyə o bildirib.
Hikmət Hacıyev qeyd edib ki, sənəddə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq işçi səviyyədə fəaliyyətin davam etdirildiyi xüsusi vurğulanıb.
O əlavə edib ki, hazırda tərəflər arasında texniki və təşkilati məsələlər üzrə müzakirələr davam edir və Azərbaycan-Gürcüstan arasında dəmir yolu nəqliyyatının, eləcə də sərnişin daşımalarının bərpası istiqamətində həll yolları üzərində iş aparılır.