Menyu

Azərbaycan və Sudanın diplomatik pasport sahibləri üçün viza tələbi ləğv edilir

Operativ Media
Azərbaycan və Sudanın diplomatik pasport sahibləri üçün viza tələbi ləğv edilir

Xarici İşlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Möhyəddin Salim Əhməd İbrahimlə onun Azərbaycana səfəri zamanı görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində intensivləşdirilmiş siyasi dialoqun, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də diqqətə çatdırılıb.

C.Bayramov Sudan tərəfini Azərbaycanın münaqişədən sonrakı dövrdə genişmiqyaslı bərpa və minalardan təmizləmə işləri, həmçinin regional əlaqəlilik və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.

Sudan Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidməti, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, eyni zamanda sudanlı tələbələr üçün ayrılmış təhsil təqaüdlərinə görə minnətdarlığını ifadə edib.

Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında Diplomatik Pasport Sahibləri üçün Qarşılıqlı Viza Tələbinin Ləğvi haqqında Saziş imzalanıb.

Əlaqəli Xəbərlər