Zambiya Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub
Mayın 19-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zambiya Respublikası Milli Assambleyasının sədr müavini Malunqo Kisanqanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Operativ Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə urbanizasiya çağırışlarının müasir dövrdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğu qeyd olunaraq, Azərbaycanın qlobal şəhərsalma problemlərinin həllinə, eləcə də yüksək səviyyəli, açıq və inklüziv dialoq platformalarının təşviqinə verdiyi mühüm dəstəkdən bəhs olunub. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, WUF13 dünya miqyasında keçirilən ən mühüm tədbirlərdən biri hesab olunur və onminlərlə qonağın iştirakı ilə Bakıda təşkil edilən bu mötəbər forum Azərbaycanın beynəlxalq urbanizasiya problemlərinin həllinə verdiyi töhfənin bariz nümunəsidir.
Zambiya Respublikası Milli Assambleyasının sədr müavini Malunqo Kisanqano WUF13-ün yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb, urbanizasiya proseslərinin müzakirə olunduğu bu mühüm tədbirin qlobal əhəmiyyətini xüsusi vurğulayıb. Qonaq əminliyini ifadə edib ki, sessiya çərçivəsində qaldırılan məsələlər və qəbul edilən qərarlar inkişaf etməkdə olan ölkələrin dayanıqlı şəhərsalma strategiyalarının formalaşdırılmasına və qlobal çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verəcək.
Söhbət zamanı WUF13 çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllərin tətbiqi və inklüziv şəhərsalma modelləri kimi mühüm məsələlərin müzakirəsinin əhəmiyyəti vurğulanaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri dünyaya müasir şəhərsalma təcrübəsini təqdim etməklə yanaşı, tamamilə yeni inkişaf və yaşayış modeli formalaşdırır.
Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qanunverici orqanlar arasındakı əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq platformalarda uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.