Bakının dəyişən siması və qlobal nüfuzu: Uğurlu təşkilatçılığın pərdəarxası - TƏHLİL
"Çox qiymətli təşəbbüslərdən biri beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsidir. Bu məsələyə çox sadəlövh yanaşmaq olmaz. Yəni, bu tədbirin böyük miqyaslı əhəmiyyətinə bəzən sadə yanaşmalar olur. Əslində isə bu forum nə deməkdir? Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir daha söz sahibi olmasını ifadə edir. Bu forum dünya dövlətlərinin diqqətinin Azərbaycana yönəlməsinin real göstəricisidir. Eyni zamanda, Azərbaycanın böyük tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəsi olan nüfuzlu ölkə imici formalaşdırır"ə
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Fəzail İbrahimli deyib.
"Biz bundan əvvəl COP29-u da keçirmişdik. BMT-də belə tədbirlərin harada uğurla keçirilə biləcəyi ilə bağlı sual yarananda təbii olaraq seçim edilir, ölçülüb-biçilir: harada daha böyük nəticələr əldə oluna bilər, hansı ölkənin təşkilatçılıq imkanları daha güclüdür, hansı ölkə buna daha çox layiqdir. Nəticədə seçim həmin ölkənin üzərinə düşür", - deputat bildirib.
Onun sözlərinə görə, hətta müəyyən dairələr və bəzi qərəzli şəxslər üçün belə tədbirlərin Azərbaycanda keçirilməsi mənəvi-psixoloji sarsıntı yaradır:
"Çünki Azərbaycanın güclü təşkilatçılıq qabiliyyətini qəbul etmək istəmirlər. Amma reallıq ortadadır.
Mən hesab edirəm ki, həmin tədbirə gələnlərin xeyli hissəsi Azərbaycanı ilk dəfə görür. Onlar hava limanından şəhərə doğru hərəkət edərkən artıq gözlərində müəyyən bir şəhər obrazı formalaşır. Vaxtilə sovet dövründə biz başqa şəhərlərə — Moskva, Leninqrad və digər yerlərə gedib qayıdanda Bakı aeroportunda bizi qarşılayan mənzərə fərqli olurdu. Güclü külək kağız parçalarını, zibilləri insanın üzünə vururdu və adam müəyyən peşmanlıq hissi keçirirdi.
Bu gün isə vəziyyət tam başqadır. Ən azından bunu görmək lazımdır. Bakı artıq tamam fərqli simaya malikdir. Bu dəyişiklik təsadüfən baş verməyib. Bu, böyük rəhbərliyin nüfuzu, zəhməti və ayrılan maddi vəsait hesabına mümkün olub.
Buna görə də Azərbaycanın artıq iri beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevrilməsi mənə elə gəlir ki, beynəlxalq arenada təsdiqlənmiş bir fikirdir. Tədbir də uğurla davam edir və hesab edirəm ki, çox uğurlu nəticələri olacaq”
