Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
TƏBİB tərəfindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması, onların vaxtında müayinə və müalicəyə cəlb olunması, həmçinin hemodializ xidmətləri ilə fasiləsiz təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.
TƏBİB-dən Operativ Media-ya verilən məlumata görə, vətəndaşların hemodializ xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkənin müxtəlif bölgələrində yeni hemodializ şöbələrinin yaradılması və mövcud xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Daha bir şöbə Ucar Rayon Mərkəzi Xəstəxanasında yaradılıb.
Şöbənin açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayev və digər əməkdaşlar iştirak edib.
Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən İ.Mustafayev bildirib ki, şöbədə 3 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb və xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb. Şöbənin otaqları yumşaq inventar və zəruri olan tibbi avadanlıqlarla təmin edilib.
Hemodializ şöbəsində 1 həkim, 3 tibb bacısı və digər sahələr üzrə əməkdaşlar da daxil olmaqla, ümumilikdə 10 nəfər tibbi heyət xidmət göstərəcək.
Əhalinin hemodializ xidmətlərinə əlçatanlığının artırılması və mövcud tələbatın qarşılanması məqsədilə TƏBİB tərəfindən ardıcıl tədbirlər görülür.