Deputat: “Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkilində böyük təcrübə qazanıb”
“Azərbaycanda keçirilən beynəlxalq forum yalnız növbəti beynəlxalq tədbir kimi deyil, həm də ölkəyə siyasi, iqtisadi və imic baxımından mühüm dividendlər qazandıra biləcək platforma kimi qiymətləndirilməlidir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Elşad Musayev deyib.
O bildirib ki, belə nüfuzlu BMT platformasına (red- WUF13) ev sahibliyi etmək Azərbaycanın beynəlxalq imicinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir:
“Bu ölkənin diplomatik çəkisinin artmasına, beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə ciddi təsir göstərir. Xüsusilə post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından forum mühüm imkanlar yaradır.
Daha əvvəl COP29 kimi qlobal tədbirə ev sahibliyi edən Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkilində böyük təcrübə qazanıb. WUF13 də bu baxımdan ölkənin nüfuzunu artıran mühüm platformalardan biridir. Forum çərçivəsində şəhərlərin ağıllı idarə olunması, yaşıl enerji zonalarının yaradılması, ekoloji nəqliyyat sistemləri və urbanizasiya problemləri ətrafında müzakirələr aparılır. Bu isə xarici şirkətlərlə yeni əməkdaşlıqların qurulmasına, investisiya imkanlarının genişlənməsinə şərait yaradır.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi Azərbaycanın həm beynəlxalq təbliğatı, həm də iqtisadi əməkdaşlıqları baxımından mühüm əhəmiyyət daşıyır. Forum vasitəsilə həmin bölgələrdə həyata keçirilən layihələr dünya ictimaiyyətinə təqdim olunur.
Belə tədbirlər turizm və xidmət sektorunun inkişafına da ciddi töhfə verir. Xarici qonaqların ölkəyə gəlməsi hotellər, restoranlar və digər xidmət sahələrinin fəaliyyətini canlandırır, yeni infrastruktur layihələrinin formalaşmasına stimul yaradır. Eyni zamanda beynəlxalq təcrübə mübadiləsi aparılır və yerli kadrların peşəkar bacarıqlarının artırılması üçün imkanlar yaranır.
Forumda müxtəlif ölkələrin dövlət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi baxımından da mühüm amildir. Bu platforma ölkənin həm siyasi nüfuzunun, həm də iqtisadi və humanitar əlaqələrinin gücləndirilməsinə xidmət edir.
Ən vacib məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması məsələsinin beynəlxalq müstəvidə təqdim olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda müasir, təhlükəsiz və dayanıqlı yaşayış məntəqələrinin yaradılması Azərbaycanın əsas prioritetlərindən biridir və forum bu istiqamətdə yeni əməkdaşlıqların qurulmasına imkan yaradır”.