Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib
Özbəkistanın Səmərqənd şəhərində 21–22 may 2026-cı il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib.
Bu barədə Operativ Media-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbir ötən il Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclasında qəbul olunmuş qərara uyğun olaraq,
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın məhkəmə idarəetməsi sahəsində məsul ali qurumlarının rəhbər şəxsləri iştirak ediblər. İclasda çıxış edən İnam Kərimov müasir dövrdə məhkəmə sistemlərinin rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və institusional dayanıqlılığın gücləndirilməsi kimi yeni çağırışlarla üzləşdiyini bildirib. Bu baxımdan TDT-yə üzv dövlətlərin məhkəmə şuraları arasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Çıxış zamanı Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə də məlumat verilib. Bildirilib ki, müstəqil, şəffaf və əlçatan məhkəmə sisteminin formalaşdırılması ölkədə həyata keçirilən islahatların əsas prioritet istiqamətlərindən biridir. Hakimlərin etik davranış standartlarının yüksəldilməsi, peşəkarlığının artırılması və intizam mexanizmlərinin təkmilləşdirilməsi məhkəmə hakimiyyətinə ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumunun imzalanması məhkəmə sisteminə ictimai etimadın gücləndirilməsi, ortaq etik dəyərlərin təşviqi və əməkdaşlığın inkişafı baxımından mühüm addımdır. Qeyd olunub ki, hakimlərin müstəqillik, qərəzsizlik, dürüstlük və şəffaflıq prinsiplərinə sadiqliyi ədalət mühakiməsinin əsas təminatlarından biridir. Tədbirin sonunda təşkilata üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumu imzalanıb. Səfər çərçivəsində İnam Kərimov Özbəkistan Respublikası Ali Məhkəmə Şurasının sədri Holmumin Yodgorovla da ikitərəfli görüş keçirib. Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər məhkəmə idarəçiliyi, hakimlərin hazırlanması, etik standartların tətbiqi və rəqəmsal həllərin məhkəmə sistemində istifadəsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.