Prezident WUF13 yekunları ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev “x” sosial şəbəkə hesabında Dünya Şəhərsalma Forumunun (WUF13) yekunları ilə bağlı paylaşım edib. Dövlət başçısı bildirib ki, Azərbaycan COP29-dan sonra daha bir mühüm qlobal tədbirə uğurla ev sahibliyi edib.
Operativ Media-nın məlumatına görə, Prezident qeyd edib ki, təxminən 60 min iştirakçının qatıldığı WUF13 tarixdə keçirilən ən böyük Dünya Şəhərsalma Forumu olub. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal urbanizasiya gündəliyinə əlavə siyasi dinamika qazandırıb.
İlham Əliyev forum çərçivəsində geniş və əhatəli müzakirələrin aparıldığını, nəticədə “Sədrin Xülasəsi” və “Bakı Fəaliyyətə Çağırışı” adlı iki mühüm sənədin qəbul olunduğunu vurğulayıb.
Dövlət başçısı paylaşımında Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma işlərinə də toxunub. Bildirib ki, urbisid, kultursid və ekosidə məruz qalan Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi yenidən qurur. Bu prosesin beynəlxalq ictimaiyyət tərəfindən digər postmünaqişə bölgələri üçün nümunə kimi qiymətləndirildiyi qeyd olunub.
Prezident həmçinin forumda təmiz hava, dayanıqlı şəhər inkişafı, mədəni irsin qorunması və kiçik ada dövlətlərinin problemləri kimi mühüm mövzuların müzakirə edildiyini bildirib.
İlham Əliyev sonda vurğulayıb ki, qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın çoxtərəflilik və kollektiv fəaliyyətə verdiyi növbəti mühüm töhfədir.
Azerbaijan had the privilege to host another landmark global event — WUF13, the second biggest international gathering ever held in the country after COP29.
— Ilham Aliyev (@presidentaz) May 23, 2026
We congratulate all participants, partners, and the UN family, in particular UN-Habitat, on the successful and… pic.twitter.com/ffkRyzWadC