Çexiyanın Ukrayna ilə bağlı xərcləri 86,5 milyon avro azalıb
Ukraynadakı münaqişə ilə bağlı 2025-ci ildə Çexiya dövlət büdcəsində birbaşa xərclər əvvəlki illə müqayisədə 2,1 milyard Çexiya kronu (86,5 milyon avro) azalaraq 15,1 milyard Çexiya kronu (təxminən 622 milyon avro) təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Çexiyanın "ČTK" xəbər agentliyi hökumətin büdcə icrası hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, büdcənin ən əhəmiyyətli xərc maddəsi Ukrayna qaçqınlarına humanitar yardım idi və 8,8 milyard kron (362,4 milyon avro) ayrılıb. Dövlət həmçinin ölkədə müvəqqəti qorunma alan Ukrayna vətəndaşları üçün tibbi sığorta sisteminə 4,1 milyard kron (168,9 milyon avro) ödəyib. Eyni zamanda, onlar üçün mənzil xərcləri əhəmiyyətli dərəcədə azaldılıb.
Çexiya Respublikasında işləyən ukraynalı qaçqınların sayı 2025-ci ildə 39.000 nəfər artaraq 325.000 nəfərə çatıb. Bu qaçqınlardan Çexiya dövlət büdcəsinə vergi daxilolmaları artmaqdadır. Agentliyin məlumatına görə, bu məbləğ 2025-ci ilin ilk üç rübündə təxminən 23,2 milyard Çexiya kronu (955,5 milyon avro) təşkil edib.