Samir Rzayev: AZAL-a dəymiş zərər Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək
2024-cü ilin oktyabrında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında kompensasiya ödənişi barədə razılıq əldə olunub.
Operativ Media xəbər verir ki, bunu Samir Rzayev APA İnformasiya Agentliyi və AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi barədə razılıq əldə olunub.
Samir Rzayev bildirib ki, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək.
“Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə düşən məsələ həmin vəsaitin vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir,” – deyə o qeyd edib.