Serbiya və Kanada arasında birbaşa aviareyslər bərpa olunub
Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub.
Operativ Media xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Belqrad hava limanından "Air Serbia"nın Belqrad–Toronto marşrutu üzrə ilk təyyarəsinin yola salınması mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni reyslər Serbiya üçün həm iqtisadi, həm də beynəlxalq əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Kanada Serbiyaya daha da yaxınlaşır və bununla ölkəmiz üçün yeni imkanlar açılır,” – deyə nazir vurğulayıb.
Marko Curiç qeyd edib ki, yeni hava əlaqəsi Kanadada yaşayan Serbiya əsilli insanların və regiondan olan digər xalqların nümayəndələrinin vətənləri ilə əlaqələrini daha da gücləndirəcək.
Qeyd edək ki, Belqrad–Toronto reysləri həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.