Menyu

"Axios": ABŞ İranın sülh sazişini bir neçə gün ərzində təsdiqləyəcəyini gözləyir

Operativ Media
"Axios": ABŞ İranın sülh sazişini bir neçə gün ərzində təsdiqləyəcəyini gözləyir

Vaşinqton administrasiyası İran tərəfinin yaxın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyini gözləyir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrailin "Kanal 12" televiziyasının müxbiri Barak Ravid məlumat verib.

Jurnalistin "X" sosial şəbəkəsində yazdığına görə, ABŞ administrasiyasındakı mənbə "İranla sazişin bu gün imzalanmayacağını" dəqiqləşdirib. O bildirib ki, tərəflər hələlik "bir neçə detal" barədə razılığa gəlməyiblər. "Sazişin bəzi elementləri ətrafında danışıqlar hələ də davam edir", – deyə jurnalist əlavə edib.

Müxbir ABŞ rəsmisinin İran rəhbərliyi ilə aparılan məsləhətləşmələr barədə dediyi bu sözləri sitat gətirib: "Bəzi ifadələr bizim üçün, bəziləri isə onlar üçün vacibdir". Ravid qeyd edib ki, ABŞ tərəfi sazişin İran rəhbərliyi tərəfindən tam təsdiqlənməsi üçün "bir neçə gün vaxt lazım gələcəyini" gözləyir. ABŞ administrasiyasındakı mənbə vurğulayıb: "Anladığımıza görə, İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei sazişin ümumi konturlarını bəyənib, lakin bunun yekun razılaşmaya çevrilib-çevrilməyəcəyi sualı hələ də açıq qalır".

ABŞ lideri Donald Tramp şənbə günü verdiyi bəyanatda İranla gələcək sazişin layihəsinin ümumilikdə razılaşdırıldığını bildirib. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh sazişi çərçivəsində anlaşma memorandumu layihəsini müzakirə etdiyini diqqətə çatdırıb.

Əlaqəli Xəbərlər