Marko Rubio: Hörmüz boğazı açıldıqdan sonra İranla ciddi danışıqlar başlayacaq
ABŞ Hörmüz boğazının açılmasını gözləyir və bundan sonra İranla nüvə məsələsi üzrə danışıqlara başlamağa hazır olacaq.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“İranın nüvə proqramı problemini 72 saat ərzində, salfet üzərində yazılmış planla həll etmək mümkün deyil. Boğaz dərhal açılmalıdır. Bundan sonra razılaşdırılmış parametrlərə uyğun olaraq uranın zənginləşdirilməsi, yüksək səviyyədə zənginləşdirilmiş uran və İranın heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq”, — deyə o qeyd edib.
Qəzetin qənaətinə görə, Rubio bununla ABŞ administrasiyasının İranı dərhal nüvə silahı hazırlamaq imkanından məhrum etməyəcək müvəqqəti razılaşmaya hazır olduğunu nümayiş etdirib.
İran hakimiyyəti isə dəfələrlə bəyan edib ki, ölkənin nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və Tehran heç vaxt atom bombasına sahib olmaq niyyətində olmayıb.