Tramp İranla bağlı razılaşmanın hələ yekunlaşmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmaların hələlik tam şəkildə yekunlaşmadığını bəyan edib.
Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əgər mən İranla sövdələşmə bağlasam, bu, Obamanın bağladığı sazişdən fərqli olaraq, yaxşı və doğru bir addım olacaq. Obama İrana külli miqdarda nağd pul vermiş və onun nüvə silahı əldə etməsinə yol açmışdı", – deyə amerikalı lider qeyd edib.
"Bizim sövdələşməmiz bunun tam əksidir, lakin onu hələ heç kim görməyib və nədən ibarət olduğunu heç kim bilmir. Saziş hələ yekun olaraq razılaşdırılmayıb. Ona görə də heç nə bilmədikləri məsələni tənqid edən uğursuzlara qulaq asmayın. Məndən əvvəl gələnlərdən və bu problemi illər öncə həll etməli olanlardan fərqli olaraq, mən uğursuz sövdələşmələr bağlamıram", – deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını bildirmişdi. O, Bəhreyn, BƏƏ, Misir, İordaniya, Qatar, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh sazişi çərçivəsində anlaşma memorandumu layihəsini müzakirə etdiyini bəyan etmişdi.