Rubio: ABŞ İrana qarşı hərbi əməliyyatların bərpasına icazə verir
Vaşinqton administrasiyası Tehranla danışıqlar yolu ilə öz məqsədlərinə nail ola bilməsə, İrana qarşı hərbi əməliyyatların bərpa edilməsi ehtimalını istisna etmir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Hindistanın "India Today" telekanalına müsahibəsində bildirib.
"Donald Tramp İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bəyan edib. O, buna danışıqlar və diplomatiya yolu ilə nail olmağa üstünlük verir və biz bunun üçün bütün imkanlardan istifadə edirik", – deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
İrana qarşı hərbi əməliyyatların bərpasından bəhs edən Rubio əlavə edib: "Lakin son nəticədə, əgər bu variant alınmasa, prezidentin belə bir imkanı var. Amma biz bunun tərəfdarı deyilik. Bizim ilkin seçimimiz məsələnin danışıqlar yolu ilə nizamlanmasıdır və bu istiqamətdə iş aparacağıq".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ Prezidenti İslam Respublikası ilə qarşılıqlı olaraq iki həftəlik atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, bir sıra ixtilaflar səbəbindən münaqişənin uzunmüddətli nizamlanmasına dair razılıq əldə edə bilməyiblər. Aprelin 21-də ABŞ Prezidenti İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. Mayın 19-da isə Tramp Birləşmiş Ştatların İrandakı münaqişədə diplomatiyaya növbəti həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin müddətədək təxirə saldığını bəyan edib. Mayın 23-də amerikalı lider İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını bildirib.