"Air France" təyyarəsi salondakı tüstü səbəbindən təcili eniş edib
Parisdən Kopenhagenə uçan "Air France" sərnişin təyyarəsi salonda tüstü səbəbindən Schiphol hava limanına təcili eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə "AT5" televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, 100-dən çox sərnişin üçün nəzərdə tutulmuş Airbus A220-300 təyyarəsi Qroningen əyaləti üzərindən dönərək Hollandiyada təcili eniş tələb etməzdən əvvəl bir saatdan çox havada qalıb.
Kennemerland bölgəsinin təcili yardım xidmətlərinin sözçüsü jurnalistlərə bildirib ki, təcili eniş tələbindən sonra Schiphol hava limanında həyəcan siqnalı verilib. Uçuş-enmə zolağına bir neçə yanğınsöndürmə briqadası, təcili yardım maşınları və tibbi helikopter göndərilib.
Televiziya kanalının məlumatına görə, eniş uğurlu olub, göyərtədə olanlardan heç kim xəsarət almayıb, sərnişinlərdən və ya heyət üzvlərindən heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.