Paşinyana qarşı sui-qəsd hazırlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib
Operativ Media
Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən Mher Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə istintaq idarəsində aparılan cinayət işi çərçivəsində genişmiqyaslı sübut toplama və prosessual tədbirlər, o cümlədən çoxsaylı axtarışlar və təxminən iyirmi dindirilmə nəticəsində baş nazirə qarşı qətl hazırlığında iştirak edən şəxslərdən birinin kimliyi müəyyən edilib.
İstintaqın məlumatına görə, 2024-cü ildən xarici ölkədə yaşayan Mher Mirzoyan ən azı daha dörd nəfərlə birlikdə Baş nazir Nikol Paşinyanı onun siyasi və dövlət fəaliyyəti ilə əlaqədar öldürmək niyyəti ilə hazırlıq işləri aparıb. İddialara əsasən, onlar şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi geyim və maskalar əldə edib, həmçinin baş nazirin olduğu məkanlar və seçkiqabağı kampaniya marşrutları barədə məlumatlar toplayıblar.
Məlumatda qeyd olunur ki, şübhəlilər daha sonra həmin geyim və maskalardan istifadə edərək videomüraciət hazırlayıb və yayıblar.
Videoda Baş nazir Nikol Paşinyanın ünvanına təhdidlər səsləndirilib.
Bundan əlavə, istintaqın versiyasına görə, 2026-cı il mayın 16-da həmin şəxslər ümumi istifadə üçün nəzərdə tutulmayan internet platformasında yayımlanan canlı yayımın məlumatlarını qanunsuz şəkildə ələ keçirərək videomüraciətlə birlikdə dərc ediblər. Bununla da iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi seçkiqabağı təşviqat prosesinə mane olduqları bildirilir.
Mher Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin qrup halında dövlət və siyasi fəaliyyətlə əlaqədar qətlə hazırlıq, eləcə də seçki təşviqatına mane olma maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində axtarış və saxlanılma qərarı çıxarılıb, daha sonra isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi daha əvvəl Baş nazir Nikol Paşinyanın ünvanına təhdid və təhqirlər səsləndirilən video ilə bağlı cinayət işi başlandığını açıqlamışdı.
Komitənin məlumatına görə, hadisə üzrə qətlə hazırlıq, kompüter sabotajı, eləcə də qanunsuz silah və sursat dövriyyəsi faktları üzrə istintaq davam etdirilir.
Xatırladaq ki, mayın 18-də internetdə yayılan videoda bir qrup maskalı və silahlı şəxs Nikol Paşinyanın ünvanına təhdidlər və təhqiramiz ifadələr səsləndirmişdi.