Menyu

Azərbaycanın enerji strategiyası: Regional liderlikdən qlobal tərəfdaşlığa - TƏHLİL

Ayşən Sadıxzadə
Azərbaycanın enerji strategiyası: Regional liderlikdən qlobal tərəfdaşlığa - TƏHLİL

İnnovasiya və enerji təhlükəsizliyi bu gün beynəlxalq siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan da bu prosesdə fəal iştirak edən ölkələr sırasındadır. Ölkəmiz bir tərəfdən zəngin enerji ehtiyatlarından istifadə sahəsində uzun illərə söykənən təcrübəyə malikdir, digər tərəfdən isə müstəqilliyini bərpa etdikdən sonra enerji resurslarının dünya bazarlarına çıxarılması üçün milli maraqlara uyğun və etibarlı sistem formalaşdırıb.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü ilə reallaşan Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri Azərbaycanın enerji strategiyasında mühüm dönüş nöqtəsi olub. Sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən bu xətt uğurla davam etdirilərək ölkəyə böyük siyasi və iqtisadi dividendlər qazandırıb. Bu layihələr Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayının artmasına, eləcə də əldə olunan maliyyə vəsaitlərinin ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinə imkan yaradıb:

“Azərbaycan yalnız enerji sahəsində deyil, digər istiqamətlərdə də etibarlı tərəfdaş kimi tanınır. Təsadüfi deyil ki, ölkənin ixracında qeyri-neft sektorunun payı ildən-ilə artır. Eyni zamanda daxili iqtisadiyyatda da qeyri-neft sektorunun inkişaf tempi yüksəlməkdədir. Beynəlxalq nüfuz təkcə məhsul və resurs ixracı ilə formalaşmır. Burada dövlətin etibarlılığı, beynəlxalq hüquqa hörmətlə yanaşması, tərəfdaş ölkələrlə əməkdaşlıq imkanları yaratması, insan hüquqlarının qorunması və demokratik institutların inkişafı da mühüm rol oynayır.

Bu baxımdan Azərbaycan təkcə enerji potensialı ilə deyil, ümumilikdə dövlətçilik modeli ilə beynəlxalq aləmdə nüfuz qazanmaqdadır. Statistik göstəricilər də ölkəmizin regiondakı mövqeyini təsdiqləyir. Əhalisinin 10 milyondan çox olması, əlverişli coğrafi mövqeyi, zəngin tarixi və iqtisadi potensialı Azərbaycanın həm siyasi, həm də iqtisadi çəkisini artırır. Qonşu dövlətlərlə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasət isə ölkəmizin dost və tərəfdaşlarının sayını daha da çoxaldıb.

Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri olmaqla yanaşı, bir sıra mühüm iqtisadi və siyasi layihələrin təşəbbüskarıdır. Ölkəmiz artıq beynəlxalq diplomatiyanın vacib mərkəzlərindən birinə çevrilib və Azərbaycanın irəli sürdüyü təşəbbüslər dünya miqyasında maraqla qarşılanır. Bu siyasət xətti gələcəkdə də ölkənin nüfuzunun artmasına, regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə töhfə verəcək.

Azərbaycanın enerji resurslarını xarici bazarlara çıxaran geniş infrastruktur şəbəkəsi region ölkələrinin də diqqətini cəlb edir. Bu baxımdan Azərbaycan yalnız ixracatçı deyil, həm də mühüm enerji tranzit və re-ixrac ölkəsi kimi tanınır. Son illərdə iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən biri də elektrik enerjisi istehsalıdır. Hazırda bir sıra Avropa ölkələri Azərbaycandan elektrik enerjisi alır və bu sahədə əməkdaşlığın həcmi getdikcə genişlənir. Buna görə də enerji ötürücü xətlərin inkişaf etdirilməsi və yeni layihələrin həyata keçirilməsi mühüm vəzifələr sırasındadır. Qara dəniz enerji kabeli layihəsi də məhz bu məqsədlərə xidmət edir və həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin diqqət mərkəzindədir.

Zəngəzur dəhlizi isə həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin təmin olunmasına xidmət etməklə yanaşı, Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat dəhlizi kimi çıxış edə bilər. Uzun müddət müxtəlif maneələrlə üzləşən layihənin reallaşması istiqamətində son dövrlərdə mühüm addımlar atılır.

Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verir. Bu layihə yeni iş yerlərinin yaradılmasına, iqtisadi aktivliyin artmasına və tranzit gəlirlərinin yüksəlməsinə şərait yaradacaq. Eyni zamanda insanların və yüklərin Türkiyə, Avropa və Asiya istiqamətlərində daha qısa və səmərəli marşrutlarla daşınmasına imkan verəcək.

Bütün bunlar göstərir ki, Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq təşəbbüslər böyük perspektivə malikdir. Bu layihələrin uğurla həyata keçirilməsi həm ölkəmizin inkişafına, həm də regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Əlaqəli Xəbərlər