Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir - Deputat
"ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin 'Bakı Enerji Həftəsi' iştirakçılarına müraciətlər ünvanlaması bu tədbirin əhəmiyyətini, eləcə də Azərbaycanın qlobal müstəvidə nə qədər xüsusi və strateji mövqeyə malik olduğunu bir daha nümayiş etdirdi.
Bu müraciətlər ölkəmizin beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı münasibətlərin və artan nüfuzunun bariz göstəricisidir. Hazırda Azərbaycan Qərbin enerji təhlükəsizliyində həlledici rol oynayır, dünyada etibarlı tərəfdaş və strateji müttəfiq kimi qəbul edilir. Enerji məsələlərinə dair müxtəlif tənqidi və məhdudlaşdırıcı yanaşmalara baxmayaraq, qlobal müstəvidə enerji təhlükəsizliyi mövzusunun yenidən ön plana çıxdığını görürük. Bütün hallarda, ənənəvi enerji resurslarından istifadə ilə 'yaşıl enerji' keçidi arasında balansın düzgün qurulması hazırda ən mühüm çağırışlardan biridir".
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Bakı Enerji Həftəsi qlobal enerji arenasının aparıcı platformalarından birinə çevrilib:
"Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə yürüdülən siyasət unikal bir inkişaf modelidir. Azərbaycanın enerji strategiyası təkcə daxili iqtisadiyyatın yüksəlişinə deyil, həm də regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmizin beynəlxalq arenada tutduğu mövqe qlobal enerji dayanıqlığı baxımından xüsusi əhəmiyyət kəsb edir və bu rol günbəgün daha da möhkəmlənir.
Müxtəlif dövrlərdə neft-qaz layihələrindən əldə olunan gəlirlər birbaşa Azərbaycanın hərtərəfli tərəqqisinə yönəldilib. Bu strateji xəttin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin xarici ölkələrə mütəmadi səfərləri və imzalanan beynəlxalq müqavilələr xarici siyasətimizin güclənməsinə, ikitərəfli əlaqələrin inkişafına ciddi töhfələr verir.
Məhz neft və qaz gəlirlərinin sosial infrastrukturun qurulmasına, təhsilin, səhiyyənin inkişafına və güclü ordu quruculuğuna yönəldilməsi Azərbaycana tarixi Zəfər qazandırdı. Bu uzaqgörən siyasət ölkədə modern təhsil və innovativ infrastrukturun təməlini qoydu.
Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasında modern 'yaşıl enerji' konsepsiyasına üstünlük verir. Gələcək hədəfimiz bu regionlarda istehsal olunacaq ekoloji təmiz enerjinin xaricə ixrac edilməsidir. Hətta bu enerjinin Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılması məsələsi də hazırda gündəmdədir. Bütün bunlar gələcəyə hesablanmış olduqca strateji addımlardır.
Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanın çox zəngin günəş və külək enerjisi potensialı var. Artıq Qarabağda, Şərqi Zəngəzurda və digər bölgələrimizdə bu istiqamətdə irimiqyaslı layihələr icra olunur. Bu həm ekoloji tarazlıq, həm də dünyada elektrik enerjisinə günü-gündən artan tələbatın qarşılanması baxımından vacibdir. Azərbaycan dənizaltı kabel xətləri vasitəsilə də bu enerjinin ixracını planlaşdırır ki, bu da ölkəyə əlavə xarici investisiyaların və vəsaitlərin cəlb edilməsi deməkdir. Bu gün neft-qaz ixracından gəlir qazandığımız kimi, gələcəkdə alternativ mənbələr əsasında istehsal etdiyimiz elektrik enerjisini də xarici bazarlara çıxaracağıq.
Azərbaycan dünyada enerji kapitalını, neft kapitalını uğurla insan kapitalına çevirə bilən azsaylı ölkələrdən biridir. Bu, dövlətimizin tarixi uğuru və nailiyyətidir. Dünya birliyi də bu uğurlu modeli yüksək qiymətləndirir. Azərbaycan qlobal proseslərə özünün fundamental töhfəsini verir, uzaqgörən, ardıcıl və müstəqil siyasət yürüdür. Atılan hər bir addım ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməyə, müstəqilliyimizi qorumağa və dövlətimizin gələcək inkişafını təmin etməyə hesablanıb. Şübhəsiz ki, bu uğurların arxasında müdrik və uzaqgörən liderlik dayanır".