Menyu

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Operativ Media
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib.

Bu barədə Operativ Media-ya Azərbaycanın Dominikandakı səfirliyindən məlumat verilib.

Qəbulda fəxri qonaq qismində Dominikanın iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrəxarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes, həmçinin, Dominikan XİN-in, parlamentin, eləcə də müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, bu ölkənin aparıcı mətbu orqanlarından biri olan "Listin Diario" qəzetinin, həmçinin, digər KİV və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikası və Dominikan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət himnlərinin ardınca Dominikandakı səfir Ruslan Rzayev çıxış edərək, ilk dəfə olaraq Dominikanın paytaxtı Santo-Dominqo şəhərində keçirilən qəbulun önəmindən danışıb. Diplomat 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu Respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.

R. Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.

Səfir Azərbaycanın son illərdə COP29, Qoşulmama Hərəkatı, Avropa Oyunları, MDB Oyunları və Formula1 kimi mötəbər beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.

Çıxışı zamanı Azərbaycan-Dominikan əlaqələri haqqında danışan R. Rzayev ölkəmizin Dominikanla münasibətlərə diqqət ayırdığını, məhz bu səbəbdən ilk dəfə olaraq 2025-ci ildə Azərbaycan səfirliyinin bu ölkəyə akkreditə olunduğunu vurğulayıb. Diplomat Azərbaycanın kiçik ada ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, son müddətdə ikitərəfli təmaslarda müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.

Sonra fəxri qonaq qismində iştirak edən xarici işlər nazirinin iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə müavini Huqo Fransisko Rivera Fernandes Dominikanda ilk dəfə olaraq Azərbaycanın Müstəqillik Günü il bağlı qəbulun keçirilməsi ilə əlaqədar hökumət adından təşəkkürünü ifadə edib. O, Dominikan hökuməti və Xarici İşlər Nazirliyinin adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. H. Rivera ikitərəfli təmaslardakı müsbət dinamikanın məmnunluq doğurduğunu, istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ticarət, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə iki ölkəarasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar "İçərişəhər: Canlı şəhər irsi" sərgisi nümayiş olunub.


Əlaqəli Xəbərlər