Menyu

Prezident: Xəzərin səviyyəsi son 200 illik tarixi minimuma yaxınlaşır

Operativ Media
Prezident: Xəzərin səviyyəsi son 200 illik tarixi minimuma yaxınlaşır

"Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik".

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

"Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir", - dövlət başçısı qeyd edib.

Prezident qeyd edib ki, təmiz ətraf mühit və "yaşıl artım" hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilib:

"Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.

Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir".

Əlaqəli Xəbərlər