Paşinyan Azərbaycana səfər edə biləcəyini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan gələcəkdə Azərbaycana səfər edə biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran hökumət başçısı qalib gələcəyi təqdirdə beynəlxalq səfərlərini davam etdirəcəyini deyib.
Paşinyan Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlər planlaşdırdığını qeyd edib.
“Eyni zamanda, ümid edirəm ki, 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək imkanım da olacaq”, – deyə o bildirib.
Baş nazir regional əməkdaşlıq layihələrinin əhəmiyyətinə də toxunaraq, hazırda Azərbaycanla sülh prosesinin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, açılması nəzərdə tutulan nəqliyyat marşrutları hər iki ölkəyə mühüm iqtisadi üstünlüklər qazandıra bilər.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.