Denge virusu Azərbaycanda yayıla bilər? - VIDEO
Son illər dünyanın bir çox ölkəsində sürətlə yayılan denge qızdırması yenidən qlobal səhiyyə gündəminin əsas mövzularından birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 100-400 milyon arasında denge infeksiyası baş verir və dünyanın yarısından çox əhalisi bu xəstəlik baxımından risk altındadır.
Mövzu ilə bağlı "Xəzər Xəbər"-ə danışan həkim Adil Qeybulla deyib ki, Denge qızdırması virus mənşəli infeksiyadır və əsasən yoluxmuş Aedes növü ağcaqanadların sancması ilə insanlara keçir:
"Xəstəliyin ən çox rast gəlinən əlamətləri yüksək hərarət, güclü baş ağrısı, gözlərin arxasında ağrı, əzələ və oynaq ağrıları, ürəkbulanma, qusma və dəri səpkiləridir. Əksər hallarda xəstələr sağalsa da, bəzi insanlarda xəstəlik ağırlaşaraq daxili qanaxma, şok vəziyyəti və hətta ölümlə nəticələnə bilər.
İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, rütubətin artması və intensiv yağıntılar ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır. Bu amillər isə virusun əvvəllər müşahidə olunmadığı ərazilərə yayılmasını sürətləndirir. ÜST -də denge xəstəliyinin son illərdə yeni regionlara doğru genişləndiyini və bunun qlobal səhiyyə üçün ciddi çağırış olduğunu bildirir”.
Bəs Azərbaycan üçün risk varmı?
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müvafiq qurumların məlumatına görə, indiyədək Azərbaycanda denge qızdırmasına yoluxma halı qeydə alınmayıb. Xəstəliyin aşkarlanması üçün laborator imkanlar mövcuddur, eyni zamanda virusun daşıyıcısı hesab olunan ağcaqanad növləri üzərində mütəmadi monitorinqlər aparılır. Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.
Bununla belə, hesab olunur ki, qlobal iqlim dəyişiklikləri və beynəlxalq səyahətlərin artması fonunda risklərin tamamilə istisna edilməsi mümkün deyil. Ona görə də ağcaqanadlarla mübarizə, su yığıntılarının aradan qaldırılması və epidemioloji nəzarətin gücləndirilməsi vacib hesab olunur.
Həkim vurğulayır ki, denge qızdırmasından şübhələnilən hallarda özbaşına aspirin və ibuprofen kimi preparatlardan istifadə etmək tövsiyə edilmir. Çünki bu dərmanlar qanaxma riskini artıra bilər. Hərarətin salınması üçün əsasən parasetamoldan istifadə olunur və xəstənin həkim nəzarətində olması vacibdir.