Menyu

Kürətrafı rayonlarda ağcaqanadlar kütləvi şəkildə artıb - Həkim və ekoloqdan XƏBƏRDARLIQ

Ayşən Sadıxzadə
Kürətrafı rayonlarda ağcaqanadlar kütləvi şəkildə artıb - Həkim və ekoloqdan XƏBƏRDARLIQ

Son dönəmlər ölkə ərazisinə yağan intensiv yağışlar çaylarda sululuğun kəskin artması ilə nəticələnib. Respublikanın ən böyük su arteriyası olan Kür çayının səviyyəsinin artması isə ətraf rayonlarda bir sıra ciddi fəsadlara yol açıb. Yaranmış neqativ hallardan biri də çayətrafı ərazilərdə ağcaqanadların kütləvi şəkildə çoxalmasıdır.

Yerli sakinlərin sözlərinə görə, Kürün səviyyəsinin yüksəlməsi nəticəsində sahilyanı ərazilərdə geniş durğun gölməçələr formalaşıb. Havaların isinməsi ilə həmin gölməçələr ağcaqanadların sürətlə çoxalması üçün əlverişli mühitə çevrilib. 

Sakinlər yaranmış vəziyyətin müxtəlif infeksion xəstəliklərin yayılmasına zəmin yaradacağından narahatdırlar.

Mövzu ilə bağlı Operativ Media-ya danışan həkim Adil Qeybulla bildirib ki, Azərbaycanda əsasən malyariya daşıyıcısı olan ağcaqanad növləri mövcuddur:

"Ağcaqanadlarla mübarizədə durğun su hövzələrinin və gölməçələrin qurudulması xüsusi əhəmiyyət daşıyır. Çünki bu ərazilər ağcaqanadların çoxaldığı əsas məkanlar hesab olunur. Bununla yanaşı, dezinfeksiya və zərərvericilərə qarşı mübarizə tədbirlərinin mütəmadi aparılması da vacibdir.

Azərbaycanda əsasən malyariya daşıyıcısı olan ağcaqanad növləri mövcuddur. Vaxtilə bu həşəratlar malyariyanın yayılmasında mühüm rol oynayıb. Gölməçələrin qurudulması və ağcaqanadların sayının azaldılması nəticəsində xəstəliyin yayılması minimum səviyyəyə endirilib.

Lakin ağcaqanadlar yalnız malyariya deyil, digər təhlükəli infeksiyaların da daşıyıcısıdır. Sarı qızdırma və denge qızdırması kimi xəstəliklər müxtəlif ağcaqanad növləri vasitəsilə yayılır. Hazırda bu növlər Azərbaycanda geniş yayılmasa da, qloballaşma, iqlim dəyişiklikləri və ekoloji transformasiyalar onların yeni ərazilərə köç etməsinə və uyğunlaşmasına şərait yarada bilər.

Bu riskləri nəzərə alaraq aidiyyəti qurumlar profilaktik tədbirləri gücləndirməli, əhalinin maarifləndirilməsinə və ağcaqanadlarla mübarizə işlərinə xüsusi diqqət yetirməlidirlər”.

Ekoloq Ənvər Əliyev isə bildirib ki, bataqlıq və durğun su sahələri müxtəlif həşəratların çoxalması üçün əlverişli şərait yaradır. Havalar istiləşdikcə onların sayının daha da artacağı gözlənilir:

“Bir sıra ölkələrdə, xüsusilə Avropada durğun su hövzələrində ağcaqanadların çoxalmasının qarşısını almaq üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, bəzi hallarda suyun səthinə xüsusi maddələr tətbiq edilir ki, bu da həşəratların inkişaf dövrünü pozur. Lakin hər bir tədbir ətraf mühitə və ekosistemə təsiri baxımından diqqətlə qiymətləndirilməlidir.

Əgər həşəratların sayı kütləvi xarakter alarsa və ictimai sağlamlıq üçün risk yaradarsa, o zaman müvafiq qurumların razılığı ilə xüsusi preparatlardan istifadə oluna bilər. Hazırda bu məsələ ilə bağlı dövlət səviyyəsində geniş müzakirələrin aparıldığı müşahidə olunmur. Ancaq iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi və ətraf mühitdə baş verən dəyişikliklər gələcəkdə bu problemin daha da aktuallaşmasına səbəb ola bilər.

Bundan əlavə, həşəratların artması kənd təsərrüfatına, heyvandarlığa və bəzi qida məhsullarının istehsalına da təsir göstərə bilər. Ona görə də profilaktik tədbirlər barədə indidən düşünmək və qabaqlayıcı addımlar atmaq vacibdir”.

Əlaqəli Xəbərlər