Menyu

Paşinyan seçkidən əvvəl nələr vəd etmişdi? - TƏHLİL

Redaksiya
Paşinyan seçkidən əvvəl nələr vəd etmişdi? - TƏHLİL

7 iyun 2026-cı il tarixində Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası qələbə qazanaraq hakimiyyətini qoruyub saxladı. 

Operativ Media xəbər verir ki, Paşinyanın seçkiönü kampaniyası əsasən aprel ayında dərc olunmuş və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində inkişafı nəzərdə tutan “Real Armenia” ideologiyasına, həmçinin iqtisadi-institusional transformasiya doktrinasına əsaslanırdı. “Sülhü qoruyun” əsas şüarı ilə çıxış edən partiyanın 2026-2031-ci illəri əshatə edən seçki proqramı xarici siyasətdən tutmuş daxili islahatlara qədər geniş vədləri ehtiva edirdi.

Xarici siyasət və sülh gündəliyində ən mühüm vəd Azərbaycanla sülh müqaviləsinin imzalanması, ratifikasiyası və icrası, eləcə də sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi idi. Paşinyan həmçinin regional tranzit layihəsi olan TRIPP-in reallaşdırılacağını, Türkiyə, Gürcüstan, İran və Azərbaycanla əlaqələrin inkişaf etdiriləcəyini bəyan etmişdi. Rusiya ilə münasibətlərdə “konstruktiv transformasiya” xətti tutan proqramda Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi və rəsmi İrəvanın Avrasiya İqtisadi Birliyi qarşısındakı öhdəlikləri çərçivəsində Aİ üzvlük meyarlarına uyğun islahatların aparılması da nəzərdə tutulurdu. Daxili siyasi müstəvidə isə ən böyük addım kimi seçkilərdən sonra referendum vasitəsilə xalqın iradəsinə əsaslanan yeni Konstitusiyanın qəbul ediləcəyi vurğulanırdı.

İqtisadiyyat sahəsində illik orta hesabla minimum 6 faiz ÜDM artımına nail olmaq, hər il ən azı 25 min yeni iş yeri açmaq və yoxsulluq səviyyəsini 5 faiz bəndi azaltmaq əsas hədəflər kimi müəyyən edilmişdi. Bu məqsədlə ixracın artırılması, kənd təsərrüfatı, turizm, rəqəmsallaşma, eləcə də bərpa olunan enerji mənbələri və yeni atom blokunun inşası vasitəsilə enerji sektorunun inkişafı vəd olunurdu. Təhsil sahəsi isə strateji prioritet elan edilərək müəllimlərin əməkhaqlarının artırılması sözü verilmişdi.

Təhlükəsizlik və innovasiya sahəsində Milli Kibertəhlükəsizlik Mərkəzinin yaradılması, ölkənin öz kosmik peyklərinin orbitə buraxılması və biometrik pasport sisteminə keçid kimi texnoloji vədlər yer alırdı. Ümumilikdə məhkəmə, mədəniyyət, idman, ekologiya və ictimai idarəçilik islahatlarını özündə birləşdirən proqram növbəti beş il üçün 100 konkret addım planından ibarət idi və seçicilər bu strateji vədlər fonunda sülhün davamına səs verərək "Vətəndaş Müqaviləsi" partiyasını yenidən hakimiyyətə gətirdilər.

Əlaqəli Xəbərlər