Menyu

Uşaqlarda ağcaqanad dişləməsi zamanı nə etməli? - Həkim məsləhəti

Ayşən Sadıxzadə
Uşaqlarda ağcaqanad dişləməsi zamanı nə etməli? - Həkim məsləhəti
Yay aylarında temperaturun yüksəlməsi və rütubətin artması ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır. Son dövrlərdə həm iqlim dəyişiklikləri, həm də şəhər mühitində durğun su mənbələrinin artması ağcaqanad populyasiyasının çoxalmasına səbəb olub. Uşaqların dərisi daha həssas olduğundan dişləmələrə reaksiyalar da böyüklərlə müqayisədə daha nəzərəçarpan olur.

Bu sözləri Operativ Media-ya açıqlamasında pediatr Səbinə Məmmədova deyib. 

O bildirib ki, əksər hallarda dişləmə yerində qızartı, qaşınma və yüngül şişkinlik normal allergik reaksiyadır:

"Lakin bəzi uşaqlarda bu reaksiya daha güclü ola bilər. Dəri üzərində bir neçə santimetr ölçüdə şişkinlik yaranması, həmin nahiyənin isti və qızarmış görünməsi müşahidə edilə bilər. Bu vəziyyət çox vaxt infeksiya deyil, orqanizmin ağcaqanadın tüpürcəyindəki maddələrə qarşı verdiyi immun cavabdır.

Aşağıdakı hallarda pediatr müayinəsi vacibdir:

- Şişkinlik sürətlə böyüyürsə;
- Uşaqda yüksək hərarət yaranırsa;
- Dəridə irinli görünüş əmələ gəlirsə;
- Nəfəsalma çətinliyi, dodaq və göz qapaqlarında güclü şişkinlik müşahidə olunursa;
- Qaşınma uşağın yuxusuna və gündəlik fəaliyyətinə ciddi mane olursa.

Bu əlamətlər allergik reaksiyanın ağırlaşmasına və ya ikincili infeksiyanın inkişafına işarə edə bilər.

Dişləmə yerinə 10-15 dəqiqə müddətində soyuq kompres tətbiq etmək şişkinliyi və qaşınmanı azalda bilər. Dərinin təmiz saxlanılması vacibdir. Uşağın həmin nahiyəni qaşımasının qarşısı alınmalıdır, çünki qaşıma nəticəsində dəri zədələnə və infeksiya inkişaf edə bilər.

Həkim məsləhəti olmadan müxtəlif məlhəm və dərmanlardan istifadə etmək tövsiyə edilmir. Güclü allergik reaksiyalar zamanı pediatr antihistamin preparatlar təyin edə bilər.

Profilaktika ən təsirli üsuldur:

- Pəncərələrdə torlardan istifadə edin;
- Axşam saatlarında uşaqların açıq havada qalma müddətini məhdudlaşdırın;
- Uşaqlara açıq rəngli və uzunqollu geyimlər geyindirin;
- Yaşa uyğun və uşaqlar üçün təhlükəsiz repelentlərdən istifadə edin;
- Evin ətrafında durğun su qablarını, köhnə vedrə və çənləri boşaldın;
- Körpə arabaları və beşiklər üçün qoruyucu torlardan istifadə edin.

Valideynlər məlumatları yalnız etibarlı mənbələrdən izləməlidirlər. Hər paylaşım elmi əsaslı olmaya bilər. Hazırda ölkəmizdə uşaqlar üçün geniş yayılmış təhlükəli epidemioloji vəziyyət barədə rəsmi məlumat olmadığı halda panikaya düşmək düzgün deyil. Bununla belə, ağcaqanadlardan qorunma tədbirlərinə əməl etmək vacibdir.

Ağcaqanad dişləmələrinin əksəriyyəti ciddi təhlükə yaratmasa da, uşaqlarda güclü allergik reaksiyalar mümkündür. Valideynlər sakit davranmalı, uşağın vəziyyətini izləməli və şübhəli əlamətlər yarandıqda həkimə müraciət etməlidirlər. Ən yaxşı mübarizə üsulu isə profilaktika və qorunmadır”.

Əlaqəli Xəbərlər