Dəmir çatışmazlığının səbəbləri və müalicəsi - Həkim danışır
Ferritini artırmaq üçün ilk addım sadəcə dəmir preparatı qəbul etmək deyil, ferritinin niyə aşağı düşdüyünü anlamaqdır. Çünki ferritin orqanizmdə dəmir ehtiyatını göstərən əsas göstəricilərdən biridir və onun azalması müxtəlif səbəblərlə bağlı ola bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında endokrinoloq Turan Bağırova deyib.
O bildirib ki, ən çox rast gəlinən səbəblər arasında kifayət qədər dəmir qəbul etməmək, güclü və ya uzunmüddətli menstruasiya, hamiləlik və laktasiya dövrü, mədə-bağırsaq sistemindən gizli qan itkiləri, dəmirin sorulmasının pozulması, bəzi mədə-bağırsaq xəstəlikləri və uzun müddət davam edən iltihabi proseslər ola bilər:
“Evdə ferritini dəstəkləmək üçün qidalanmada dəmirlə zəngin məhsullara yer vermək vacibdir: qırmızı ət, qaraciyər, yumurta, balıq, paxlalılar, göyərti və bəzi dənli məhsullar. Dəmirin sorulmasını artırmaq üçün C vitamini ilə zəngin qidalar məsələn limon, portağal, kivi, bolqar bibəri faydalı ola bilər. Eyni zamanda çay və qəhvəni dəmirlə zəngin yeməklərlə və ya dəmir preparatı ilə birlikdə qəbul etmək sorulmanı azalda bilər.
Amma ferritin çox aşağıdırsa, yalnız qidalanma ilə onu qısa müddətdə bərpa etmək çox vaxt mümkün olmur. Bu zaman həkim dəyərləndirməsindən sonra oral dəmir preparatları təyin oluna bilər. Bəzi hallarda isə məsələn, oral preparatlara dözümsüzlük olduqda, sorulma problemi varsa, ferritin qalxmırsa və ya dəmir çatışmazlığı daha ciddi səviyyədədirsə venadaxili dəmir müalicəsi lazım ola bilər.
Əsas məsələ budur: ferritini qaldırmaq mümkündür, amma düzgün yol səbəbi tapmaqdan başlayır. Əks halda insan dəmir qəbul etsə belə, problem təkrarlana bilər”.