Menyu

Çin duzu nədir və hansı qidalarda olur? — Bilməli olduğunuz məqamlar

Operativ Media
Çin duzu nədir və hansı qidalarda olur? — Bilməli olduğunuz məqamlar

Çin duzu və ya elmi adı ilə monosodium qlutamat (MSG) qidalarda dadı gücləndirmək məqsədilə istifadə olunan qida əlavəsidir. Xüsusilə hazır şorbalar, cipslər, fast-food məhsulları, müxtəlif souslar və yarımfabrikat qidalarda geniş istifadə olunur.

Bu sözləri Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib. 

Onun sözlərinə görə, elmi araşdırmalar göstərir ki, MSG normadan artıq qəbul edilmədikdə əksər insanlar üçün təhlükəsiz hesab olunur. Lakin bəzi şəxslərdə həssaslıq müşahidə edilə bilər. Bu zaman baş ağrısı, üz və boyun nahiyəsində qızarma, ürəkdöyünmə hissi, halsızlıq və ya yüngül başgicəllənmə kimi əlamətlər yarana bilər:

“MSG-nin əsas təhlükəsi birbaşa zəhərli təsirindən çox, onun istifadə olunduğu məhsullarla əlaqədardır. Çünki monosodium qlutamat daha çox yüksək duzlu, yüksək kalorili və emal olunmuş qidalarda istifadə edilir. Belə məhsulların tez-tez və həddindən artıq istehlakı piylənmə, yüksək təzyiq, ürək-damar xəstəlikləri və metabolik problemlərin yaranma riskini artıra bilər.

Bəzi tədqiqatlarda MSG-nin iştahanı artıraraq insanların daha çox qida qəbul etməsinə səbəb ola biləcəyi qeyd edilsə də, bu mövzuda elmi nəticələr hələ tam yekdil deyil.

İstehlakçılara tövsiyə olunur ki, məhsul etiketlərini diqqətlə oxusunlar və tərkibində monosodium qlutamat (E621) olan qidaların qəbulunu məhdudlaşdırsınlar. Ümumilikdə sağlam qidalanmanın əsas prinsipi emal olunmuş məhsullardan daha çox təbii və az işlənmiş qidalara üstünlük verməkdir”.


Əlaqəli Xəbərlər