Tramp: Əvvəlki vəziyyətə qayıtmaq istəmirik
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bir daha İrana qarşı hərbi güc tətbiq etməli olmayacağına ümid etdiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu fikirləri Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Tramp qeyd edib ki, tərəflər arasında münasibətlərin normallaşması mümkündür və bunun baş verməməsi halında əvvəlki gərgin vəziyyətə qayıdış istisna edilmir.
"Ümid edək ki, münasibətlər yaxşı olacaq və biz yola gedəcəyik. Əks halda, əvvəlki vəziyyətə qayıdacağıq. Amma düşünmürəm ki, buna ehtiyac var", - deyə ABŞ Prezidenti vurğulayıb.
O, həmçinin Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumuna toxunaraq, sənədin gərginliyin azaldılması baxımından əhəmiyyətli ola biləcəyini bildirib.
Sözügedən memorandumun imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır.