Menyu

Yay aylarında qida təhlükəsizliyi: Ət, balıq və süd məhsullarını necə seçməli?

Operativ Media
Yay aylarında qida təhlükəsizliyi: Ət, balıq və süd məhsullarını necə seçməli?

Zülal tərkibli qidalar, xüsusilə ət, balıq və digər heyvan mənşəli məhsullar daha tez xarab olmağa meyillidir. Yay aylarında havanın temperaturu yüksək olduğu üçün bu məhsulların alınması, daşınması və saxlanması zamanı xüsusi diqqət göstərilməlidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, ilk növbədə, məhsulların soyuducuda saxlanıldığına və birbaşa günəş şüalarının təsirinə məruz qalmadığına əmin olmaq lazımdır. Hətta soyuducuda saxlanılsa belə, daşınma və satış prosesində “soyuq zəncir” prinsipinə əməl olunması vacibdir. Alış-veriş zamanı da ət, balıq və süd məhsullarını səbətə ən sonda əlavə etmək tövsiyə olunur ki, onlar otaq temperaturunda uzun müddət qalmasın. Məhsullar alındıqdan sonra isə mümkün qədər tez soyuducuya yerləşdirilməlidir:

“Ət alarkən onun rənginə, qoxusuna və ümumi görünüşünə diqqət yetirmək lazımdır. Təzə ətin rəngi parlaq olur, səthi yapışqan olmur və elastikliyini qoruyur. Barmaqla basdıqda yaranan çökəklik qısa müddətdə bərpa olunursa, həmçinin hər hansı xoşagəlməz qoxu və ya rəng dəyişikliyi yoxdursa, məhsulun keyfiyyətli olduğunu demək olar.

Balıq seçərkən isə ilk növbədə gözlərinə diqqət etmək lazımdır. Gözlər parlaq və şəffaf olmalıdır. Balığın əti möhkəm və elastik olmalı, qoxusu isə xoş, təbii dəniz qoxusunu xatırlatmalıdır. Əgər gözlər çökükdürsə, dəri yumşalıbsa və ya kəskin, xoşagəlməz balıq qoxusu hiss olunursa, bu məhsulun xarab olma ehtimalı yüksəkdir və zəhərlənmə riski yarada bilər.

Süd və süd məhsulları alarkən qablaşdırmanın bütöv olmasına diqqət edilməlidir. Qablaşdırma zədələnməmiş olmalı, üzərində istehsal tarixi, son istifadə müddəti, saxlanma temperaturu və məhsulun tərkibi barədə məlumatlar aydın şəkildə göstərilməlidir.

Saxlanma qaydalarına gəldikdə isə, ət məhsulları qısa müddətdə istifadə olunacaqsa, təxminən 4°C temperaturda soyuducuda saxlanıla bilər. Daha uzun müddət üçün isə dondurulması məqsədəuyğundur. Donu açılmış məhsulun yenidən dondurulması məsləhət görülmür; belə məhsul bişirildikdən sonra qısa müddətdə istehlak edilməlidir.

Süd məhsulları ilə bağlı vacib məqamlardan biri də budur ki, sənaye üsulu ilə istehsal olunan südlərin qapalı halda saxlanma müddəti bəzən bir neçə ay ola bilər. Lakin qablaşdırma açıldıqdan sonra məhsul 2–3 gün ərzində istifadə edilməlidir. Bu qaydalara əməl etmək həm məhsulun keyfiyyətinin qorunması, həm də qida zəhərlənmələrinin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər