Yayda yaranan dəri xəstəlikləri hansılardır?
Yay mövsümündə dəri ilə bağlı müxtəlif problemlərin yaranma riski artır. Ən çox rast gəlinən xəstəliklər arasında göbələk infeksiyaları, bakterial dəri infeksiyaları və impetigo yer alır. Həmçinin günəş şüalarının təsiri ilə bəzi dəri xəstəlikləri aktivləşə və ya şiddətlənə bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında dermatoloq Vaqif Abdullayev deyib.
O bildirib ki, bu problemlərin yaranmasının əsas səbəblərindən biri gigiyena qaydalarına kifayət qədər əməl edilməməsidir. Xüsusilə təmizliyinə nəzarət olunmayan çimərliklərdə və hovuzlarda bakterial infeksiyalara yoluxma riski artır. Nəticədə dəridə irinli və ya qabıqlı yaralar əmələ gələ bilər. Xalq arasında bu vəziyyətə bəzən “sarı yara” da deyilir. Tibbi adı isə impetigodur. Bu yaralar ağız ətrafında, üzdə, baş dərisində və bədənin müxtəlif nahiyələrində meydana çıxa bilər.
Yay aylarında rast gəlinən digər problemlərdən biri də mikrosporiyadır. Bu xəstəlik daha çox heyvanlarla təmas nəticəsində yayılır və xalq arasında “saçqıran” və ya “dəmrov” kimi tanınır. Yoluxma həm heyvanlarla təmas zamanı, həm də bəzi hallarda ümumi istifadə olunan məkanlarda baş verə bilər.
Bundan başqa, günəş yanıqları da yay mövsümünün ən geniş yayılmış problemlərindəndir. Buna görə də günəşdən qoruyucu kremlərdən istifadə etmək, günəş şüalarının ən intensiv olduğu saatlarda uzun müddət açıq havada qalmamaq tövsiyə olunur. Günəşdən düzgün qorunmaq həm yanıq riskini azaldır, həm də günəşin təsiri ilə yarana və ya ağırlaşa bilən digər dəri problemlərinin qarşısını almağa kömək edir.
