Pezeşkian Şahbaz Şərifə təşəkkür edib
İran Prezidenti Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı İslamabadın vasitəçilik prosesində oynadığı rola görə təşəkkür edib.
Operativ Media xəbər verir ki, Pezeşkian bu barədə "X" hesabında paylaşım edib.
İran Prezidenti bildirib ki, Pakistan hökuməti və xalqının bu həssas mərhələdə nümayiş etdirdiyi səmimi və məsuliyyətli yanaşma İran xalqının tarixi yaddaşında qalacaq.
Şahbaz Şərif isə öz növbəsində əldə olunan razılaşmanı regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm addım adlandırıb. O, həmçinin İran rəhbərliyinin və xalqının danışıqlar prosesində nümayiş etdirdiyi səbir və təmkinin təqdirəlayiq olduğunu vurğulayıb.
Tərəflər telefon danışığı zamanı İran-Pakistan münasibətlərinin inkişafı, eləcə də regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.