Dəniz və hovuz mövsümü: Uşaqlar üçün təhlükəsizlik qaydaları - Həkim danışır
Yay aylarında uşaqların dəniz və hovuzdan istifadə etməsi həm fiziki, həm də psixoloji inkişaf üçün faydalıdır. Lakin təhlükəsizlik qaydalarına əməl olunmadıqda günvurma, boğulma, infeksiyalar, allergik reaksiyalar və digər sağlamlıq problemləri yarana bilər. Buna görə də valideynlər bir sıra vacib məqamlara xüsusi diqqət yetirməlidirlər.
Bu sözləri Operativ Media-ya açıqlamasında pediatr Səbinə Məmmədova deyib.
O bildirib ki, ilk növbədə uşaqlar nəzarətsiz şəkildə suya buraxılmamalıdır:
"Uşaq yaxşı üzməyi bacarsa belə, valideyn və ya məsul böyüyün daim nəzarəti altında olmalıdır. Boğulma halları çox qısa müddətdə və səssiz şəkildə baş verə bilər.
Günün ən isti saatlarında, yəni saat 11:00-16:00 aralığında uşaqları uzun müddət günəş altında saxlamaq məsləhət görülmür. Bu saatlarda ultrabənövşəyi şüaların təsiri daha güclü olur və günvurma riski artır.
6 aydan böyük uşaqlar üçün yaşa uyğun, ən azı SPF 30-50 qoruyuculu günəş kremindən istifadə edilməlidir. Günəş kremi çimərliyə getməzdən 20-30 dəqiqə əvvəl çəkilməli və hər 2 saatdan bir, həmçinin sudan çıxdıqdan sonra yenilənməlidir.
Uşaqlara açıq rəngli, yüngül geyim, baş örtüyü və günəş eynəyi istifadə etdirmək faydalıdır. Xüsusilə körpələr birbaşa günəş şüalarından qorunmalıdır.
Körpələrin və kiçik yaşlı uşaqların uzun müddət suda qalması məsləhət görülmür. Suyun temperaturu çox soyuq olduqda bədən temperaturunun enməsi, əzələ spazmları və narahatlıq yarana bilər.
Hovuz seçərkən onun gigiyenik vəziyyətinə diqqət etmək vacibdir. Suyun təmizliyi, filtrasiya sistemi və müntəzəm dezinfeksiya olunması yoxlanılmalıdır. Çirkli hovuzlar göz, qulaq, dəri və bağırsaq infeksiyalarının yaranma riskini artırır.
Uşaqlara hovuz və dəniz suyunu udmamağı öyrətmək lazımdır. Bundan əlavə, açıq yara, dəri infeksiyası, yüksək hərarət, ishal və ya digər yoluxucu xəstəlik əlamətləri olan uşaqların hovuza aparılması tövsiyə edilmir.
Çimərlik və hovuz ətrafında sürüşmə və yıxılmaların qarşısını almaq üçün uşaqların sürüşməyən ayaqqabı geyinməsi məsləhətdir.
Uşaqların maye qəbulu da xüsusi əhəmiyyət daşıyır. İsti havalarda susuzlaşmanın qarşısını almaq üçün mütəmadi olaraq su içirilməlidir. Şəkərli və qazlı içkilər əvəzinə adi suya üstünlük verilməlidir.
Çimərlikdən və ya hovuzdan sonra uşağın təmiz su ilə yuyundurulması, yaş paltarının dəyişdirilməsi və qulaqlarının qurulanması tövsiyə olunur.
Valideynlər unutmamalıdırlar ki, düzgün nəzarət və sadə təhlükəsizlik qaydalarına əməl etməklə uşaqların yay istirahətini həm sağlam, həm də təhlükəsiz etmək mümkündür. Uşaqlar üçün ən yaxşı istirahət təhlükəsiz istirahətdir”.